"Bakı 2015"in Bakıdan keçəcək marşrutu açıqlanıb

"Bakı 2015"in Bakıdan keçəcək marşrutu açıqlanıb
883 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bakı-2015” birinci Avropa Oyunlarının Məşəl proqramının Bakıdan keçəcək marşrutu ictimaiyyətə açıqlanıb.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə əvvəlcə “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasından bəhs edən videoçarx nümayiş olunub.

Mötəbər yarışın başlanmasına 10 gün qaldığını bildirən gənclər və idman naziri Azad Rəhimov ölkəmizin “Bakı-2015”-ə tam hazır olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, arenalar artıq yarışların keçirilməsi üçün hazır vəziyyətdədir:

“Beş gündən sonra birinci Avropa Oyunlarının məşəli Bakıya gətiriləcək. Məşəl 150 nəfərlik nümayəndə heyətinin müşayiəti ilə paytaxtda nümayiş olunacaq. Məşəl proqramının Bakı marşrutuna iyunun 7-də start veriləcək və paytaxtımız bayram ab-havasına bürünəcək. Bütün paytaxt sakinlərini bu həyəcanın bir parçası olmağa çağırıram”.

“Bakı-2015”-in mərasimlər üzrə şöbəsinin prodüseri Keyt Hinçlayf Məşəl proqramının Bakı marşrutu barədə məlumat verib. Bildirib ki, iyunun 7-də məşəl Bakıya gətiriləcək. Ertəsi gün birinci Avropa Oyunlarının təşkil olunacağı doqquz idman obyektindən keçəcək. İyunun 9-da isə İçərişəhərə səyahət edəcək. Bir gün sonra məşəl Bakının mədəniyyət və memarlıq obyektlərinə gətiriləcək. İyunun 11-də məşəl Qız Qalasında olacaq və ertəsi gün birinci Avropa Oyunlarının açılış mərasiminin keçiriləcəyi Bakı Olimpiya Stadionuna gətirilməzdən əvvəl Xəzər dənizinin sahilində yerləşən Satko limanına aparılacaq.

Qeyd edək ki, birinci Avropa Oyunlarında qitənin 6 mindən çox idmançısı birincilik uğrunda mübarizə aparacaq.