"Bizə qadağa qoydular..." - Sevil və Sevinc

"Bizə qadağa qoydular..." - Sevil və Sevinc
9124 dəfə oxunub
  • A-
  • A
  • A+

"O səs Türkiyə" müsabiqəsinin iştirakçıları, “S-twins” qrupu kimi tanınan Sevil və Sevinc bacıları “Qafqazinfo”nun qonağı olub, sayta müsahibə veriblər.

- Başlayaq “O səs Türkiyə”müsabiqəsindən. Necə oldu ki, yarışmaya qatılmağa qərar verdiniz?

Sevinc : Yarı zarafat, yarı ciddi müraciət etdik. Bizi ora dəvət edəcəklərini düşünmürdük. Artıq seçim turları başlamışdı və bizi dəvət etməmişdilər. Yarışmaya çıxmaq üçün bir neçə etap keçməlisən. Bizi isə birbaşa proqrama çıxartdılar. Çünki CV göndərəndə klipimizi, mahnılarımızı da göndərmişdik. Axşam zəng vurdular ki, səhər müsabiqədə iştirak edəcəksiniz. Yığışıb getdik.

Sevil: Hər kəs bizim saçımızın, formasından, geyimimizdən danışır. Deyirlər saçınız niyə elə idi, geyiminiz pis idi. Biz onlarla müqavilə bağlamışıq, orada mahnıya uyğun geyindirib, makiyaj edirlər, saç düzümünü də onlar etmişdilər, bizim qarışmağa ixtiyarımız yoxdur. Orada Hadisənin dediyi sözü çox bəyəndim. Dedi ki, geyiminiz, saç dözümünüz ilə hamının yaddaşında qalacaqsınız.

- Bu qədər maraqla qarşılanacağınızı gözləyirdinizmi?

Sevinc: Təbii ki, bizi bu qədər maraqla qarşılayacaqlarını gözləmirdik. İfa edərkən münsiflərin dönməmək ehtimalını da bilirdik. Ağlımızda yalnız o idi ki, valideynlərimiz bizi həvəslə yola salıb, seçilməsək, onların üzünə necə baxacağıq. Allaha şükür ki, üzümüz ağ gəldik.

- Valideynlərinizin reaksiyası necə oldu?

Sevil: Yarışmadan çıxdıq iki saat heç kim bizə zəng vurmadı. Düşündük ki, yəqin, səhnədə həyəcanlı olub səhv hərəkət etmişik, əsəbiləşiblər. Daha sonra zəng etdilər ki, özümüzə indi gəlmişik. Anam dedi ki, çox sağ olun başımızı uca etdiniz. Bu bizim üçün hər şeydən dəyərlidir. Biz hər işimizi evdəkilərlə məsləhətləşirik, geyimimizi də, saçımızı da, gedəcəyimiz yerləri də onlardan soruşuruq. Xeyir-dua alandan sonra işlərimiz yağ kimi gedir.

- Münsif seçərkən tərəddüd edirdiniz.

Sevinc: Murat Bozu seçmək istəmirdim.

Sevil: Yalan deyir (Gülür). Orada qulağıma deyirdi gəl Muratı seçək.

Sevinc: Bakıya gələndə prodüserimizə dedim ki, yaxşı ki, Muratı seçmədik. Yarışmadan bizi tez çıxarsaydı, ona nifrət edəcəkdim. Evdə bir-birimizə belə təsəllilər veririk. Bakıda Murat Bozla işbirliyi edə bilərik, Türkiyədə Ebru Gündeş olsun, təcrübəsi çoxdur, Ebru ilə işləmək bizim üçün bir məktəb olacaq.

Sevil: Sizə başımıza gələn bir əhvalat danışım. Nə qədər də desələr bir millət, iki dövlətik, insan yenə də qəribçilik çəkir. Əşyalarımızı otelə qoyan kimi bizi mahnı seçimi üçün studiyaya apardılar. Orada iştirakçılar deyirdi ki, niyə bura gəldiniz, öz ölkənizdə qalardınız, sizi sevməyəcəklər, səs göndərməyəcəklər. Dili bilmirik, bizi pərt ediblər, getdiyimizə peşman olmuşuq, eyvana çıxıb ağladım, sonra Sevinc ilə Nigar (prodüserləri) da gəlib mənə qoşuldular, azan oxunurdu, oturub üçümüzdə hönkür-hönkür ağladıq.

Sevinc: Orada pulumuzu oğurlamışdılar. Amma insaflı oğru idi. Kaşlokda yüz manat saxlamışdı.Yaxşı ki, tez qayıtdıq.

- Növbəti mərhələyə hazırlaşırsınız?

Sevil: Hazırlaşırsınız deyəndə hər an bizi çağıra bilərlər, hər zaman hazırıq. Bizi qınayırlar ki, niyə Azərbaycan dilində oxumadınız. Orada bizə dedilər ki, türkcə oxuyun, münsiflər bilməsin ki, azərbaycanlısınız. Gələn mərhələlərdə öz dilimizdə mahnı ifa edəcəyik.

Sevinc: Münsiflər azərbaycanlı olduğumuzu bildikdə çox sevindilər, reaksiyaları gözəl oldu. Bizi seçməsəydilər də, azərbaycanlı olduğumuzu biləndə bizi mehriban qarşılayacaqlarını bilirdim.

- Bayaq qeyd etdiniz ki , müqavilə əsnasında bizə qadağa qoyublar. Bu qadağalar nədən ibarətdir?

Sevinc: Mahnı yazdıra, klip çəkdirə, konsert verə bilmərik. Əslində proqramlara çıxmağa, müsahibə verməyə də icazə vermirlər. Biz müğənni olduğumuz üçün bizə efirə çıxmağa icazə verdilər.

- Yerli sənətçilərdən kimlə iş birliyi qurmaq istərdiniz?

Sevinc: Biz ancaq öz yaşıdlarımızla, yeni addımlayan ifaçılarla işbirliyi qurmaq istəyirik. Tanınmış müğənni ilə çalışsaq, deyəcəklər ki, onun kölgəsində məşhurlaşırlar. Biz də tanınıb, təcrübə qazandıqdan sonra tanınmış sənətçilərlə duet oxuyacağıq. Murat Bozla və Timati ilə duet oxumaq istəyirik.

- Toylara necə gedirsinizmi?

Sevinc: Toy məclislərinə gedirik. Yarım saat hazırladığımız repertuarı ifa edirik. Gənc ifaçılardan bizdən çox toy məclislərinə gedən yoxdur, bütün gün şadlıq evlərini gəzirik. Şou proqramlarda da çıxış edirik.

Sevil: Onu da qeyd edək ki, biz sifarişlə oxumuruq. Gəlib bizə deyəndə ki, “Maral”ı oxu razı olmuruq.

- Hər zaman eyni geyinirsiniz, bu eynilik sizi bezdirmir?

Sevil: Yox, bezmirik, uşaqlıqdan artıq öyrəşmişik. Məncə, eyni geyimdə, eyni saç düzümündə daha yadda qalan oluruq.

- Xasiyyətiniz necə oxşardırmı?

Sevinc: Biz xasiyyətcə tamam fərqli insanlarıq. Mən daha qoçağam.

Sevil: Hər işi mən görürəm, yeməyi mənə bişitdirir. Sevinc tənbəldir. Məni alan xoşbəxt olacaq. (Gülür)

- Şəxsi həyatınızda vəziyyət necədir?

Sevinc: Həyatımızda “aşk” yoxdur. Biz tənha əkizlərik. Hamı eşitsin, aşksızıq, aşksız... (Gülür).

Sevil: Hələ 22 yaşımız var. Anam evdə hər gün deyir ailə qurun. Gələn elçiləri qəbul etmirik. Sənətimizlə məşğul olmaq istəyirik. Sevgi etiraf edənlər çoxdur, onlara inanmırıq, düşünürük ki, biz səhnədə olduğumuz üçün bizə yaxınlaşırlar.

Sevinc: Otuz yaşa kimi evdə qalmış sayılmırıq. Hələ xeyli vaxtımız var, sənətimizlə məşğul olacağıq.