Sabah Nizami Kino Mərkəzində Milli Kino Gününə həsr olunmuş təntənəli mərasim keçiriləcək.

Axşam.az xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və “Buta Film” kino  şirkətinin birgə istehsal etdiyi “Nar bağı” bədii filminin təqdimatı olacaq.

Dünya premyerası Çexiyanın Karlovy Vary Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilən “Nar bağı” 11-ci “Asia Pacific Screen Awards” (APSA) mükafatına namizədlərin siyahısında yer alıb və bu günlərdə Qazaxıstanda keçirilən 13-cü Avrasiya Beynəlxalq Film Festivalında əsas müsabiqə proqramı çərçivəsində iştirak edir. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.

Mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin iştirak edəcəyi mərasimdə bir qrup kino veteranının mükafatlandırılacağı nəzərdə tutulub.

Tədbirdə həmçinin kinoşünas, rejissor Ayaz Salayevin təbliğat xarakterli “Qarabağın həsrət salnaməsi” kino layihəsinin növbəti iki buraxılışı da tamaşaçılara təqdim olunacaq.