“Qəribə, çox qəribə əhvalat” təqdim edildi - fotolar

“Qəribə, çox qəribə əhvalat” təqdim edildi -  fotolar
1092 dəfə oxunub
  • A-
  • A
  • A+

Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində Miro Havranın pyesi əsasında hazırlanan “Qəribə, çox qəribə əhvalat” tamaşasının premyerası olub.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, martın sayca üçüncü premyerası olan səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı, xalq rəssamı Nazim Bəykişiyev, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Həsənovadır. Tamaşanın bədii rəhbəri xalq artisti Azər Paşa Nemətovdur.

Rollarda xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılov, aktyor Ramin Şıxəliyev çıxış edib. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb. Səhnə əsəri bir qadın tərəfindən aldadılan iki kişinin çıxılmaz vəziyyətlə üzləşməsindən bəhs edir.

Qatar bələdçisi işləyən Draqitsa qadın hiyləgərliyini işə salaraq eyni vaxtda iki kişiyə ərə getməyi, üstəlik sirri uzun illər onlardan gizli saxlamağı bacarıb. Günlərin birində sirrinin üstü açılır, ikinci ərin qapısı döyülür və həqiqət bütün xırdalığına qədər tamaşaçı qarşısında aşkara çıxır. Aldadılan kişilər ortaq nöqtə tapmağa, anlaşmağa cəhd edirlər.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü Miro Havran məşhur xorvat yazıçı-dramaturqudur. Yazıçının əsərləri 25 dilə tərcümə olunub. Onun pyesləri müxtəlif ölkələrin teatrlarında, o cümlədən, Amerika, Rusiya və Braziliya teatrlarında səhnəyə qoyulub. 2003-cü ildə Slovakiyada Miro Havranın adına beynəlxalq dram əsərləri festivalı – “Havranfest” da təşkil olunub.