Əfsanəvi futbolçu Ronaldinyonun iki sevgilisi ilə eyni vaxtda evlənməsi bir neçə gündür ki, dünya gündəmindən düşmür. Elə ölkəmizdə də həm sosial şəbəkələrdə, həm də Televiziya və radio məkanında bununla bağlı müxtəlif müzakirələr aparılır.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məşhur radio verilişi olan “Manpası” da elə bugünkü səhər efirini sözegedən mövzuya həsr edib. Dinləyicilərə “iki həyat yoldaşınız olsa, nə edərdiniz?” sualını ünvanlayan aparıcılar müxtəlif cavablar alıb. Maraqlıdır ki, dinləyicilər arasında çoxarvadlılığın dini baxımdan vacib olduğunu, bunun adi bir hal olduğunu söyləyənlər də olub.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov da məsələylə bağlı münasibət bildirən zaman verilişin bugünkü efirinin çoxarvadlılığın təbliği kimi də dəyərləndirilə biləcəyini söyləyib:

“Əslində, “Manpası” verilişi baxımlı, maraqlı səhər şoularından biridir. Aparıcıların intellektual səviyyəsi, dünyagörüşü, səmimiliyi, dinləyicilərlə interaktiv-əyləncəli diskussiyaları və s. təqdirəlayiqdir. Lakin bir müddət əvvəl elan etdiyimiz monitorinq nəticələrində də əksini tapdığı kimi, bu verilişdə bir sıra hallarda aparıcıların dinləyicilərlə yersiz sərbəst rəftarı, qoyulan bəzi milli dəyərlərə zidd mövzular, müzakirələrdə ümumqəbulolunmuş normalardan kənara çıxılması və s . hallar müşahidə olunur. Düzdür, biz demirik ki, verilişlərdə ətalət, basmaqəliblik olsun, stardart mövzular qoyulsun. Lakin dinamiklik, sərbəstlik də əndazəni aşmamalı, dinləyicidə qıcıq yaratmamalıdır. Məsələn, bugünkü verilişdə qoyulan “iki həyat yoldaşınız olsa, nə edərdiniz?” mövzusu ilk baxışdan adi görünsə də, verilişə edilən zənglərdə bildirilən, hətta təkidlə dini də əsas gətirərək yeridilməyə çalışılan fikirlər ola bilsin ki, çoxarvadlılığın təbliği kimi də dəyərləndirilə bilər. Bu isə cəmiyyətdə və bir sıra insanlarda narazılıq yarada bilər. Qeyd edim ki, bu, radionun bir KİV olaraq üzərinə düşən missiya ilə düz mütənasib deyil. Radiolar mövzu seçərkən çox ehtiyatlı olmalıdırlar. Bu cür halların təkrarlanması həm aparıcıların, həm radionun nüfuzuna mənfi təsir göstərir. Yaxşı olardı ki, istedadlı aparıcılarımız və yayımçılarımız bu istedadlarını ucuz reytinq yarışına yox, bu sahənin normal inkişafına sərf etsinlər”.

T. Dadaşov onu da qeyd edib ki, digər aspektdə neqativ hallar bir sıra digər radiolarda yayımlanan verilişlərdə də diqqəti cəlb edir.

Qeyd edilib ki, dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı kəbinlə bağlı maraqlı açıqlama vermişdi.

O qeyd edib ki, kəbin o zaman kəsilə bilər ki, evlənən insanlar həddi-buluğa çatmış olsun və onların vətəndaşlıq aktlarının qeydiyyatı ilə bağlı rəsmi nikah sənədi olsun:

"Əgər həmin rəsmi nikah sənədini məsciddə, yaxud hər hansı dini məkanda çalışan din xadiminə təqdim etmirsə, bu halda dini kəbin kəsilməsi yolverilməzdir".

Sədr həmçinin bildirib ki, bu qaydaya əməl etməyən din xadimləri cərimə gözləyir:

"Bizim Komitənin də bu cür şəxsləri aşkara çıxarmaq, protokollar tərtib etmək, cərimələmək səlahiyyəti var. Qeyri-qanuni şəkildə dini ayinləri icra etmək qəti qadağandır".



                   

Digər Xəbərlər