Leyla Şıxlinskayanın işçiləri 56 mini ödəmək üçün vaxt istəyib

Leyla Şıxlinskayanın işçiləri 56 mini ödəmək üçün vaxt istəyib
842 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi "Leyla Şıxlinskaya" klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Axşam.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ekpertiza rəyinə əsasən, dəymiş ziyanın 56 min manat olduğu elan edilib.

Hakim həmin zərərin ödənilməsi ilə bağlı onlara sual verib. Təqsirləndirilən şəxslər və müdafiəçiləri məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar.

Klinikanın keçmiş işçiləri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır. Bu iş üzrə istintaqı əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilən zaman Ş.Abbasova himayəsində 2 azyaşlı uşaq olduğunu deyib.