Azərbaycan operasının 110 illiyi Parisdə qeyd olunub

Azərbaycan operasının 110 illiyi Parisdə qeyd olunub
432 dəfə oxunub
  • A-
  • A
  • A+

Fransada Azərbaycanın Dostları Assosiasiyası Parisin mərkəzində yerləşən tarixi San-Jermən-Lokserua kilsəsində Azərbaycan operasının yaradılmasının 110 illiyinə həsr edilmiş konsert təşkil edib.

Assosiasiyadan Axşam.az-a bildiriblər ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev müsəlman Şərqində ilk opera olan Azərbaycan operasının yaranma tarixindən danışıb. O, həmçinin müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, xüsusilə qadınlara səsvermə hüququnun verilməsi haqqında ətraflı məlumat verib. Səfir Azərbaycanın Dostları Assosiasiyasının belə bir mühüm tarixi qeyd etməsini alqışladığını bildirib.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel assosiasiyanın həyata keçirdiyi layihələr və bu layihələr sayəsində ölkə mədəniyyətinin Fransada təbliğindən söz açıb. O, Azərbaycan operasının zənginliyi, orijinallığı ilə seçildiyini bildirib. Jan-Fransua Mansel müsəlman Şərqində ilk operanın beşiyi olan Azərbaycanın inkişaf etdiyini vurğulayıb.

Konsertdə Səidə Zülfüqarovanın (piano), Regina Rustamovanın (mezzo-soprano), Timur Abdikiyevin (bas), İrina Kopilovanın (soprano) ifasında Azərbaycanın opera musiqiləri maraqla qarşılanıb. Konsert zamanı unudulmaz bəstəkarlarımız Üzeyir Hacıbəylinin “Arşın man alan” filmindən Gülçöhrənin ariyası, Niyazinin “Arzu” melodiyası, Fikrət Əmirovun “Sevil” operasından Sevilin ariyası və digər musiqilərimiz səsləndirilib.