“Onu kim qoruyacaq?” - Çingiz Abdullayev “İçərişəhərdən” yazdı

“Onu kim qoruyacaq?” - Çingiz Abdullayev “İçərişəhərdən” yazdı
11268 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bilmirəm şəhərimdə nə baş verir, lakin dəqiq bilirəm ki nə baş verməməlidir. “İçərişəhər” bizim şəhərin, xalqın simvollarından biridir. Yaddaş, ənənə, keçmiş və bu gün, tarix, əfsanəmizdir. Bu, bizim irsimizdir. Hər yerdə Qala divarlarının dağıdılmasına dair fotoşəkillər var. Restoran barədə danışırlar. Hər şey aydınlaşmamış qərar vermək istəmirəm. Lakin dəqiq bilirəm ki, bütün bunlar yolverilməzdir. Hətta restovrasiya işləri aparılırsa və orada restoran tikilməyəcəksə belə...”

Axşam.az xəbər verir ki,  bu sözləri Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev “Facebook” hesabında yazıb.

O, son günlər sosial şəbəkədə “İçərişəhər”də Qala divarlarının bir hissəsinin sökülərək yerində restoran tikilməsilə bağlı etiraz edənlərə qoşulub.

“Axı insanları dəlilik həddinə çatdırmamaq da olar. Mətbuat xidməti və ya digər informasiya xidmətləri vasitəsilə insanlara nə baş verdiyini izah etmək olar. Mənə bir nəfər izah etsin ki niyə görə fikirləri və arzuları hesaba alınmayaraq insanlar mütəmadi şəkildə təhqir olunurlar. Nə qədər olar ? Bir daha dəqiqləşdirirəm. Bu paylaşım dağıdılan divarla deyil, bu şəhərdə yaşayan insanlara dərin hörmətsizliklə bağlıdır.

Bu, mənim də şəhərimdir. Pirşağı qəbiristanlığında təxminən yüzə yaxın qohumum dəfn olunub. Bakıda valideynlərim dəfn olunub, burada uşaqlarım doğulub. Əgər sabah şəhərin müdafiəsi üçün mitinq olsa, onun müdafiəsinə ilk mən çıxacam. Bu şəhərdə bizim indiki prezidentimiz anadan olub. Bu onun da şəhəridir. Bu şəhərdə bizim birinci vitse-prezidentimiz dünyaya gəlib. Bu onun da şəhəridir. Bu bizim şəhərimizdir. Əgər biz də olmasaq, onu kim qoruyacaq?” deyə, Abdullayev bildirib.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi isə yayılan informasiyanın yanlış olduğunu bildirib. Qurum bildirir ki, “İçərişəhər”də gedən tikinti işləri Qala divarlarından kənarda həyata keçirilir.