Son günlər Çində ortaya çıxan və yüzlərlə insanın həyatına son verən koronavirus dünya mediasının da gündəmini zəbt edib. Bəs görəsən, bu virus nədir, necə yoluxmaq olur və əlamətləri hansılardır?

Axşam.az virusla bağlı xarici saytlarda yazılan bəzi məlumatları təqdim edir:

Koronavirus həkimlərin yaxından bildiyi və hər zaman qorxduqları bir virus qrupuna daxildir. Bu ailədən törəyənlər arasında sars və mers virusları (ağır-kəskin tənəffüs çatışmazlığı) da yer alır.

Sars virusu ona yoluxan yüz adamdan 9-nun, mers isə 35-nin həyatını itirməsinə səbəb olur.

Virusun əlamətləri nədir?

Koronavirusun əlamətləri tənəffüs çatışmazlığı və qripə bənzəyir. Bunların arasında burun axması, öskürək, boğaz ağrısı və tez-tez temperatur olması, qarın ağrısı yer alır. Eyni zamanda virusa yoluxan şəxs halsız olur. Virusun ilk əlaməti isə yüksək temperaturdur. Sonrakı mərhələ isə quru öskürək və bir həftə sonra nəfəs ala bilməməklə başlayır. Böyrək çatışmazlığı halı da baş verir. Bütün bu əlamətlər isə ölümə aparır. Bu halda insanların xəstəxanada müalicə alması mütləqdir.

Bu virus haradan yayılıb?

Dünya mediasında yazılanlara görə, sars və mers viruslarının mənbəyi insanlar yox, heyvanlardır. Bir çox heyvanda bu təhlükəli virus aşkarlanır. Amma bunun insana keçməsi çox nadir görülən bir haldır. Virusun başqa bir canlıya keçməsi mutasiyaya uğraması ilə baş verir.

 

"Warwick" Universiteti həyat bilgisi fakültəsinin professoru - həkim Endryu İston virusla bağlı fikirlərini bölüşüb. O bildirib ki, bir çox halda canlılar arasında əngəllər var və virus bunları aşma qabiliyyətinə sahib deyil:

"Ancaq bəzən mübarizə gücünüzün zəif olması və ya virusun bu əngəli keçməsi üçün yayılma halı yaşana bilər. Girdiyi yeni bir bədəndə daha da inkişaf etməsi üçün virus yayılır.

Koronavirusun insanlara keçməsi isə çox ciddi bir hal kimi qiymətləndirilib. İnsanlar zamanla koronavirusun daha az ziyan verən formaları ilə qarşılaşıb. Amma bu dəfə virusun ən ağır versiyası yayılıb".

Koronavirus niyə təhlükəlidir?

Həkim bildirib ki, başqa canlıya keçmə əlaməti olan viruslar hər zaman təhlükəli olub:

"Bir virusun başqa canlıya keçdikdən sonra hansı formada inkişaf edəcəyini bilmək mümkün deyil. Amma yeni orqanizmdə inkişaf etmək üçün daha böyük imkanları olur.

Koronavirus heyvanlardan insanlara keçdiyi üçün orqanizm bu cür virusdan xəbərsiz olur. Məhz elə buna görə də onunla mübarizə aparmaqda məlumatsız olan orqanizm məğlub olur. Çünki orqanizmimizdə insanlara xas olan viruslarla mübarizə üçün müəyyən amillər var. Orqanizm ancaq bələd olduğu virusla mübarizə apara bilir".

Professor bildirib ki, tarixdə ən ağır qrip virusu 1918-1919-cu illərdə olub və 50 milyon insanın ölümünə səbəb olub. Bu virusun quşlardan keçdiyi aşkar edilib.

 

Koronavirus sürətlə yayıla bilir?

Heyvandan insana keçən virusun insandan insana keçmə ehtimalı o qədər də yüksək deyil. "Bu da virusun mutasiyaya uğramasından asılıdır. Bir orqanizmdə müalicəsiz qalan virus tez bir zamanda inkişaf edib, yoluxucu ola bilir. Koronavirus da bu mərhələdədir. Hazırda Çində yaşanan hal da budur. Virus insan orqanizmində mutasiyaya uğrayır və sürətlə yayılır" deyə, İston vurğulayıb.

Virusa yoluxanda ilk mərhələdə nələr edilməlidir?

İston bildirir ki, ən təhlükəlisi bu virusun adi dərmanlarla aradan qaldırılmasının mümkünsüz olmasıdır:

"Bu halda təsir edən çox az sayda dərman var. Bunun üçün də çalışın virusa yoluxmamaq üçün adi amillərə əməl edin. Bunlar əllərinizi tez-tez yumaqdan başlaya bilər. Tez-tez spirtlə əlinizi, burnunuzu silin. Yaxın bir müddətdə koronavirusla mübarizə aparacaq dərmanın istehsal ediləcəyinə inanmıram. Belə bir şans yoxdur. Ona görə də gigiyenik qaydalara əməl edərək, virusdan uzaq qalmağa çalışın".

İlanda və yarasada olan bir virus 

Çində bir qrup elm adamı Uhan əyalətində ortaya çıxan bu virusun insana ilandan keçdiyini ehtimal edir. Bəziləri isə Uhanda çox yeyilən yarasa şorbasının buna səbəb olduğunu irəli sürüb. Əslində isə virusa elə ən çox yarasada rast gəlinib. Bunun insana keçməsi üçün isə heyvanın ətini qəbul etmək lazımdır. Dünya mediasında yazılanlara görə, Çində yayılan virusun səbəbi də insanların yarasa əti yeməsi olub.

 

Çinin Pekin Universitetinin sağlamlıq məlumatları mərkəzində alimlər koronavirusa yoluxan insanlardan örnək götürərək, laboratoriyada araşdırma aparıblar. Virusun əsasən ilanlarda olduğunu qismən ortaya çıxarıblar. Uhanda isə ilanlar dəniz məhsulları sırasında satılır. Belə ehtimala gəlinib ki, virus yarasalardan ilanlara, ilanlardan isə onu yeyən insanlara keçib.

Elm adamları ehtimalları dəqiqləşdirmək üçün daha çox araşdırmaya ehtiyacları olduğunu vurğulayıblar.



                 

Xəbər lenti