ATV telekanalında yayımlanan “Özünə bax 3” yarışması ötən gün maraqlı anlarla yadda qalıb. Axşam.az-ın məlumatına görə, müsabiqənin yeni formatına uyğun olaraq, qızlarla yanaşı, oğlanlar da zövqlərini nümayiş etdirib.
Münsif kürsüsündə layihənin siması Ruhi Əliyeva, modelyer Afaq İsmayılova, aparıcı Şəhriyar Əbilov, stilist Roma əyləşib. İştirakçılardan yalnız bir xanım və oğlan ikinci yarımfinala vəsiqə qazana bilib. Sərxan Yusifli adlı 20 yaşlı gəncin geyimi münsiflərin xoşuna gəlməyib. Amma onlar Sərxanın görünüşünün yaxşı olduğunu bildiriblər. Şəhriyarın və Afaqın məsləhəti ilə Yusifin geyimi dəyişdirilib və o, ikinci yarımfinala vəsiqə qazanıb. Münsiflərdən razılıq alan digər iştirakçı isə Təranə Rzayeva olub. 25 yaşlı gənc qız fotomodeldir.
Qeyd edək ki, veriliş Axşam.az-ın informasiya dəstəyi ilə həftədə 3 gün saat 15:00-da yayımlanacaq. Layihənin siması Ruhi Əliyeva, aparıcısı Rüfət Ağayev, redaktoru Ülvi Hadıyev (Şaba), prodüseri Vüqar Şəfiyev, rejissoru isə Qəmər Abbasovadır.
Müsabiqədə birinci yerin sahibi olan xanıma tac, oğlana isə avtomobil hədiyyə olunacaq.