Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova solo konsert verib.
Axşam.az-ın məlumatına görə, muğam ifaçısının konserti Heydər Əliyev Sarayında baş tutub.
Bir-birindən gözəl ifaları ilə hər kəsə unudulmaz gecə yaşadan F.Qasımova tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb. Tədbirdə iştirak edənlər arasında xalq artistləri Arif Babayev və Ağaxan Abdullayev də olub. İlk olaraq “Laylay” mahnısı ilə konserti açıq elan edən F.Qasımova bu ifasını xüsusi rəqs nömrəsi ilə təqdim edib. Daha sonra o, “Şəbi-hicran” mahnısını yeni aranjimanda səsləndirib. Əməkdar artisti müşayiət edən musiqiçilər arasında “Şeron” qrupu da olub. Konsertdə xalq artisti Alim Qasımov da səhnəyə çıxaraq qızı ilə birgə duet səsləndirib. Onlar bu dəfə ifalarını fərqli şəkildə - böyük ansamblın müşayiəti ilə təqdim ediblər. Qasımovlar ailəsinin bu dueti gələn qonaqlar tərəfindən böyük diqqət görüb. Fərqanə Qasımova səhnəyə modelyer Fəxriyyə Xələfovaya məxsus libasla çıxıb.
Qeyd edək ki, F.Qasımova 1996-cı ildən atası ilə birlikdə səhnəyə çıxır, konsertlərdə iştirak edir. O, dünyanın bir çox yerində keçirilən konsertlərdə Alim Qasımovla eyni səhnəni paylaşıb.
Çinarə
Foto: Rəşad ABBASOV