Axşam.az-ın məlumatına görə, bu münasibətlə Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tədbir keçirilib.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev çıxış edərək bütün teatr xadimlərinin bayramını təbrik edib. Ə.Qarayev dövlətin teatr fəaliyyətinin inkişafına böyük diqqət göstərdiyini və Prezident İlham Əliyevin sərəncamına əsasən 2013-cü il martın 1-dən etibarən hər il ölkədə Milli Teatr Günü qeyd edildiyini vurğulayıb.
Tədbirdə Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov da çıxış edib. O, teatrın Azərbaycanın mədəni həyatının ayrılmaz hissəsi olduğunu bildirib.
Gecədə əməkdar artist, əməkdar mədəniyyət xadimi və fəxri mədəniyyət xadimi kateqoriyalarında mükafatlandırma mərasimi olub. Daha sonra “Bu bizik” tamaşası nümayiş etdirilib.
Qeyd edək ki, ötən gün eyni zamanda Dövlət Musiqili Teatrı təmirdən sonra istifadəyə verilib. Xalq artisti Afaq Bəşirqızı uzun fasilədən sonra ilk dəfə səhnəyə çıxıb.