17 noyabr Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Gülşən Qurbanovanın anım günüdür.

Axşam.az xəbər verir ki, Gülşən Qurbanova 1950-ci ilin dekabrın 19-da Bakı şəhərində anadan olub. Tanınmış aktyor Ağadadaş Qurbanovun qızı, aktyor Hamlet Qurbanovun bacısı, aktyor Mübariz Əlixanoğlunun həyat yoldaşı, Əməkdar incəsənət xadimi Firəngiz Qurbanovanın bacısıdır. 1974-cü ildə Ə. Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirən Gülşən Qurbanova elə həmin ildən Gənc Tamaşaçılar Teatrında işə düzəlir. Qeyri-adi xarakteri və yüksək peşəkarlığı ilə həmkarlarının və tamaşaçıların sevgisini qazanır.

G.Qurbanova 1989-cu ildə Əməkdar artist, 1998-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşqun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) rollarını ifa edib.

G.Qurbanova 2006-cı ilin 17 noyabrında televiziya proqramlarının birindən evə gələrkən üçüncü dəfə qəfildən infarkt keçirir, 56 yaşında vəfat edir. Köhnə Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən bildirilib ki, bu il həm də mərhum aktrisanın 70 illik yubileyi qeyd olunmalı idi. Lakin pandemiya ilə əlaqədar teatrların fəaliyyətinə qoyulan məhdudiyyətlər hələlik hər hansı bir tədbir planlaşdırmağa imkan vermir. Lakin teatrın fəaliyyəti tam bərpa edildikdən sonra sevilən aktrisa ilə bağlı xatirə gecəsinin keçirilməsi nəzərdə tutulur.



                 

Xəbər lenti