"Özünün ehtiyacları olsa da, hər zaman kasıblara yardım edirdi" - Fotolar

"Özünün ehtiyacları olsa da, hər zaman kasıblara yardım edirdi" - Fotolar
3717 dəfə oxunub
  • A-
  • A
  • A+
“Arif Quliyev çox xeyirxah insan idi. Öz ehtiyacları olsa belə, kasıblara hər zaman əl tutmağı bacarırdı. Hətta mənə də bu həyatda ilk ruzini Arif Quliyev verib. Konservatoriyanın ikinci kurs tələbəsi olarkən, bayram ərəfəsində Arif müəllim mənim üçün bazarlıq edib, pul vermişdi. Həmin vaxt çox sevinmişdim, çünki iki uşaqla anamın yanında qalan ərsiz bir tələbə idim".

Bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Elza Seyidcahan deyib. Mərhum Xalq artisti Arif Quliyevdən danışan müğənni onunla bağlı xatirələrini bölüşüb:

"Bir dəfə də aktyorlar evinin ofisində idik. Mənə zəng gəldi, onun yanında açıb danışdım. Ağsudan olan əlil bir uşaq idi, tez-tez mənə zəng edərək, imkansız olduğunu deyərək xalça, televizor istəyirdi. Bunları eşidən Arif Quliyev tez köməkçisini çağırdı və dedi ki, bu televizoru təcili o ünvana çatdırın. Öz televizoru təzə idi, göndərdi onlara.

İnsanları güldürmək asan bir iş deyil. Aktyor əgər insanı güldürürsə, sənəti ilə güldürür. Buna baxmayaraq, o, həyatda çox ciddi adam idi. Özünə dəyər verən insan idi.

Biz Arif Quliyevlə çox yaxın idik. Orucluqdan qabaq görüşmüşdük, xəstəxanaya getmədən öncə də mənə zəng etmişdi. Arif müəllimin bu yaxınlarda 70 illik yubileyi oldu, amma karantinə görə qeyd edə bilmədi. Böyük səbirsizliklə gözləyirdi ki, pandemiya bitsin və yubileyi qeyd olunsun. İnşallah, o, hər zaman yad olunacaq.

Belə insanların vəfat etməsi ilə sanki dünya boşalır. Dəyərli insanlar evdən yox, eldən gedəndə dünya boşalır. Allah ruhun şad etsin, Allah rəhmət etsin. Balalarına can sağlığı arzulayıram".

Foto: İlqam Cəbiyev