Azərbaycan mədəniyyətinə və ictimai fikrinə ağır itki üz verib, görkəmli yazıçı-dramaturq, publisist, tərcüməçi, dövlət xadimi və diplomat, Əməkdar incəsənət xadimi Hidayət Orucov 13 iyun 2026-cı il tarixində, ömrünün 82-ci ilində vəfat edib.
Axşam.az xəbər verir ki, H.Orucovun ölümü haqqında bu məlumatı Mədəniyyət Nazirliyi paylaşıb.
"Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944-cü ildə Qərbi Azərbaycanın Mehri rayonunun Maralzəmi kəndində anadan olub", - məlumatda bildirlib.
Qeyd olunub ki, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsindən məzun olduqdan sonra geniş ədəbi və publisistik yaradıcılığa başlayıb: "Hidayət Orucov 1968-ci ildən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsində çalışıb. Eyni zamanda Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbəri olan ədib İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX-XX əsrlər ədəbiyyatımızı tədris edib.
Hidayət Orucov 1984-1986-cı illərdə Bakıda "Gənclik" nəşriyyatının baş redaktor müavini və baş redaktoru (1986-1992) vəzifələrində işləyib. Bu illərdə "Gənclik" nəşriyyatında 50 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası" seriyası işıq üzü görüb. Bundan əlavə, 15 cildlik "Azərbaycan folkloru", 25 cildlik "Macəra və fantastika", 17 cildlik "SSRİ xalqları ədəbiyyatı" və digər mühüm seriyaların nəşrinə başlanılıb.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Hidayət Orucovun fəaliyyətində yeni səhifə açılıb. O, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, 1993-2005-ci illərdə isə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsində işləyib. 2005–2006-cı illərdə Azərbaycan Respublikası milli azlıqlarla və dini qurumlarla iş üzrə dövlət müşaviri vəzifəsində çalışıb. 2006-2012-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edib.
Diplomat kimi də fəaliyyət göstərən Hidayət Orucov 2012-2021-ci illərdə Azərbaycan Respublikasının Qırğızıstanda səfiri işləyib.
Yazıçınınpoeziya, nəsr, publisistika, tərcümə və s. ibarət 60-dan çox kitabı nəşr olunub. Müəllifin "Heydər Əliyev və Azərbaycanda milli siyasət" monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb və qırğız dillərində də nəşr olunub. O, bir sıra xalqların ədəbiyyatından dilimizə tərcümələr edib. Pyesləri ölkəmizdə və xaricdə tamaşaya qoyulub.
Yaradıcılığı və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən yazıçı "Əməkdar incəsənət xadimi" fəxri adına, "Şöhrət", 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenlərinə və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülüb. Ədib eyni zamanda bir sıra ölkələrin mükafatları ilə təltif olunub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi görkəmli yazıçı-dramatur Hidayət Orucovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin".
Xatırladaq ki, H. Orucov iyunun 13-də gecə saatlarında vəfat edib.