Milyarderin varisləri İqor Krutoyu məhkəməyə verdi - Fotolar

Milyarderin varisləri İqor Krutoyu məhkəməyə verdi - Fotolar
889 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı milyarder Oleq Burlakovun varisləri tanınmış müğənni, bəstəkar İqor Krutoyu qeyri-qanuni daşınmaz əmlak alqı-satqısında ittiham edərək məhkəməyə verib.

Axşam.az rus mediasına istinadən xəbər verir ki, ötən il 72 yaşında koronavirusdan vəfat edən iş adamının qızları Amerika məhkəməsinə müraciət edərək İqorla həyat yoldaşı Olqaya qarşı iddia qaldırıblar. 

Mübahisənin obyekti Mayamidə Fişer adasındakı 450 kvadratmetrlik lüks mənzildir. Hansı ki, daha əvvəllər İqora məxsus olub. 2017-ci ildə O.Burlakov ABŞ-da nəvələri üçün etimad fondu yaradıb və bu iqamətgahın mülkiyyət hüquqlarını 7,5 milyon dollar müqabilində ona verməli olan İ.Krutoydan alıb. Oleq özü əməliyyatın icrasında iştirak etməyib. Proses əmlakı idarə etməli olan vəkil Stiven Landau və bəstəkarın nümayəndələri tərəfindən həyata keçirilib.

Lakin əmlakın transferi heç vaxt baş tutmayıb. İndi isə Oleqin qohumları iddia edirlər ki, 2017-ci ildə İqor qəsdən saxta sənədlər tərtib edib və nəticədə əməliyyat tamamlanmayıb. Üstəlik o, artıq pulu alıb.

Bundan əlavə, məlum olub ki, 2020-ci ildə Burlakovun ölümündən bir il əvvəl, varislərinin xəbəri olmadan yeni bir müqavilə yaradılıb və Stiven Landau yenidən menecer olub. Belə ki, Oleqin nəvələri mirasın bu hissəsindən məhrum edilib. Həmçinin bu müddət ərzində obyektin dəyəri 7,5 milyon dollardan 9,75 milyon dollara yüksəlib.

"Super" nəşrinin məlumatına görə, bu gün mülk Amerikanın "MLGG" firmasına məxsusdur. Keçən il mənzillər satışa çıxarılsa da, Oleqin varislərinin iddiası ilə elan silinib.

İş adamının qızları təkcə İqora deyil, menecer S.Landauya qarşı da iddia qaldırıblar. O, maliyyə qeydlərini gizlətməkdə və ifaçı ilə qeyri-qanuni sövdələşmədə günahlandırılır.

Olqa Krutaya açıqlamasında məhkəmədə birbaşa mühakimə olunmadıqlarını, mənzilin sahibi kimi adlarının keçdiyini bildirib.

Oleq Burlakovun varisləri hazırda dəymiş ziyana görə kompensasiya (ən azı 30 milyon dollar), habelə mülk sahibi kimi hüquqlarının bərpasını tələb edirlər.

Qeyd edək ki, bu məhkəmə prosesi mərhum iş adamının mirası ilə bağlı bir neçə mübahisədən yalnız biridir. Onun aktivlərinə iddialı olanlar arasında qızlarından başqa, həyat yoldaşı Lyudmila, bacısı Vera Kazakova və əri, həmçinin Burlakovun ölümündən bir müddət əvvəl uşaq dünyaya gətirən iş adamı Sofya Şevtsova da var.

Bu proseslərin çoxu elə Oleqin sağlığında başlayıb. 2019-cu ildə o, həyat yoldaşı Lyudmila və kiçik qızı Veronikaya qarşı bir milyard dollardan çox pulu dələduzluq yolu ilə mənimsəməkdə günahlandıraraq məhkəməyə müraciət edib. O, yaxınlarını casusluqda da ittiham edib (Burlakovun təyyarəsində biznesmenin hərəkətlərini izləyən izləyici tapılıb).

Hər şeyi çətinləşdirən isə odur ki, Oleqin Monakoda qeydiyyatdan keçmiş vəsiyyətnaməsinin həyat yoldaşı və qızları tərəfindən qəbul edilməməsidir (iddiaya görə, notarius tərəfindən təsdiqlənməyib). Belə ki, sənəddə həyat yoldaşı və qızlarını qeyd etməyib, lakin Vera Kazakova və ərini, həmçinin Sofiya və uşağının adının olmasıdır.

Onların hazırda bölüşdürməyə çalışdıqları mirasın ümumi məbləği "Forbes" tərəfindən 2,7 milyard dollar olaraq qiymətləndirilir. Burlakov (təxminən 700 milyon dollar) və həyat yoldaşının (təxminən 1,5 milyard dollar) hesablarındakı vəsaitlər, 250 milyon dollarlıq “Black Pearl” yaxtası, 10 milyon dollarlıq şəxsi təyyarə, daşınmaz əmlak və müxtəlif şirkətlərdəki səhmlər bura daxildir.