Rusiyanın Xalq artisti Anna Netrebko uzun müddətdən sonra Ukraynadakı müharibəni dəstəkləməməsi ilə bağlı paylaşım etdikdən sonra "Novosibirsk Opera Teatrı"ndakı konserti ləğv edilib.
Axşam.az xəbər verir ki, bu barədə teatrın yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, A.Netrebkonun iyunun 2-də baş tutmalı olan konserti ötən gün yaydığı açıqlamaya görə ləğv olunub:
"Anna Netrebko dövlətimizin əməllərini pisləyən açıqlama yayıb. Avropada yaşamaq və məkanlarında çıxış etmək imkanı onun üçün vətənin taleyindən daha vacib oldu. Bu gün daha rahat yaşayış şəraiti üçün prinsipləri qurban vermə vaxtı deyil.
İndi seçim etmək vaxtıdır. Əminik ki, həqiqət bizimlədir. Qorxmamalıyıq ki, vətənindən vaz keçən mədəniyyət xadimləri var. Ölkəmiz istedadlarla zəngindir və dünənki bütləri aydın vətəndaş mövqeyi ilə başqaları əvəz edəcək".
Qeyd edək ki, A.Netrebko ötən gün feysbuk hesabında Ukraynada aparılan hərbi əməliyyatların əleyhinə çıxış edərək vəziyyəti pisləyib.
O, Xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır. O, uzun müddət Ukraynadakı vəziyyətlə bağlı şərh vermədiyinə görə, çalışdığı bir çox məşhur teatrla yollarını ayırmalı olmuşdu.