Bu ifadələrinə görə Depardyenin Rusiya vətəndaşlığı ləğv oluna bilər

Bu ifadələrinə görə Depardyenin Rusiya vətəndaşlığı ləğv oluna bilər
1690 dəfə oxunub
  • A-
  • A
  • A+

Fransalı aktyor Jerar Depardyenin Ukraynadakı hərbi əməliyyatlara qarşı sonuncu işlətdiyi ifadələr müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, "Le Figaro"nun məlumatına görə, aktyor Parisdəki üç konsertinin bilet satışından əldə etdiyi bütün vəsaiti ukraynadan olan müharibə qurbanları üçün bağışlayıb. Bundan başqa, o, "Rusiya xalqı öz liderlərinin qəbuledilməz hərəkətlərinə görə məsuliyyət daşımır" ifadəsini səsləndirib.

Mövzu ilə bağlı "RİA Novosti"yə danışan Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov vəziyyəti şərh edib:

“Orada prezidentin adı çəkilir, güman edirəm ki, Depardye nə baş verdiyini tam başa düşmür, çünki siyasi gündəmə tam hakim deyil. O, 2014-cü ildə Ukraynada baş verənləri anlamır, Minsk razılaşmalarının nə olduğunu, Donetsk və Luqanskın nə olduğunu başa düşmür. O, dinc sakinlərin bombalanmasının nə demək olduğunu, millətçi ünsürləri bilmir. Lazım gələrsə, daha yaxşı anlaması üçün bütün bunları ona izah etməyə hazırıq”.

Bundan başqa Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev hesab edir ki, fransalı aktyor sonuncu açıqlamasına görə vətəndaşlıqdan məhrum edilməli, ona bağışlanan Saransk və Qroznıdakı mənzillər geri alınaraq kimsəsiz uşaqlara verilməlidir.

Qeyd edək ki, aktyor Fransanın keçmiş prezidenti Fransua Ollandın ölkənin ən varlı vətəndaşlarından 75 faiz vergi tətbiq etmək niyyətinə etiraz olaraq Rusiya vətəndaşlığı istəyib. O, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinlə qısa görüş zamanı pasportunu alıb.