Rus-litvalı aktrisa İnqeborqa Dapkunaite Rusiyanı tərk edərək Brüsselə gedib.
Axşam.az xəbər verir ki, aktrisa Rusiyanın Ukraynada keçirdiyi əməliyyatlar başlayandan hadisələri şərh etməyib və harada olması barədə danışmayıb. Lakin bu gün məlum olub ki, İnqeborqa hərbi əməliyyatın ilk günlərindən ölkəni tərk edib. O, hazırda beş yaşlı oğlu Aleks, anası və bacısı ilə birlikdə Brüsseldə yaşayır. Bu barədə aktrisa özü "LRT"nin Litva nəşrinə müsahibəsində deyib.
İnqeborqa bildirib ki, müharibə onun getməsinə əsas səbəb olub. O, müsahibəsi zamanı Rusiyanın addımını pisləyib. Aktrisa etiraf edib ki, ölkəni daha əvvəl - 2014-cü ildə Krımın ilhaqından sonra tərk etməməsi buraxdığı səhvlərdən biridir:
"Əgər gələcəyi təxmin edib keçmişi dəyişdirə bilsəydik... Amma bəli, səhv idi, buna heç bir bəhanə yoxdur. Bunu daha əvvəl etmədiyim üçün təəssüflənirəm".
Bununla yanaşı aktrisa qeyd edib ki, Qərbdə rus sənətçilərə qarşı sanksiyaların tətbiq edilməsini düzgün hesab etmir:
"Müharibəni dəstəkləməyən, məsələn, oranı tərk edən, lakin rus olduqları üçün qəbul olunmayan ruslardan danışsaq, əlbəttə ki, bu, yanlışdır. Çünki onlar baş verənləri dəstəkləmirlər.
İzləyici özü qərar verməlidir, onlara uşaq baxıcısı kimi davrana bilmərik, beş yaşları yoxdur. Tamaşaçı özü nəyi izləmək istədiyinə qərar verər. Bu, senzuradır. İndi hər şeyin yalnız ağ və ya qara olduğu bir dünyada yaşayırıq, boz rəngi tapmaq çox çətindir. Bir dəfə mənə dedilər ki, bu, iki buz parçasının üzərində dayanmağa bənzəyir: hər ikisinin üzərində eyni vaxtda olsanız, uğur qazana bilməyəcəksiniz - suya düşəcəksiniz".