Məşhur müğənni Britni Spirsin oğulları Şon Prestonla Ceyden Ceyms yerli kanallardan birinə anaları ilə aralarında yaşadıqları problemlər haqqında müsahibə verib.
Axşam.az xəbər verir ki, onlar anaları ilə münasibətlərini bərpa edə biləcəklərinə ümid etdiklərini bildiriblər. Ceyden analarına nifrət etmədiklərini də vurğulayıb. O, əlavə edib ki, münasibətləri yenidən qurmaq üçün daha çox vaxt lazım olacaq:
"100 faiz əminəm ki, hər şey düzəldilə bilər. Sadəcə, onun psixi cəhətdən sağlam olmasını istəyirəm. O, yaxşılaşdıqda, onu yenidən görmək istəyirəm. Səni çox sevirəm, sənin üçün ən yaxşısını arzulayıram. Bəlkə bir gün yenə oturub danışa bilərik".
Ceyden qardaşı ilə anasının toyuna niyə getmədiklərinə də aydınlıq gətirib:
"Sadəcə ziyarət üçün ən yaxşı vaxt deyildi. Onun üçün sevinmədiyimi demirəm. Buna çox şadam, amma o, bütün ailəni dəvət etmədi. Əgər Prestonla mən gəlsəydik, bunun yaxşı bitəcəyinə əmin deyildim".
Onun sözlərinə görə, Britninin atası Ceyms mediada yer alan nifrət dolu yazılara layiq deyil:
"Onu bütün qəlbimlə sevirəm. Sadəcə ata olmağa çalışır, qızının super ulduz olmaq arzusunu həyata keçirmək istəyirdi. Ancaq qəyyumluq çox uzun sürdü. Bəlkə də buna görə anam əsəbiləşdi".
Müsahibənin ardından Britni oğlunun açıqlamalarına kəskin reaksiya verib. O, oğlundan onun psixi sağlamlığı haqqında danışmazdan əvvəl kitab götürüb oxumağı tövsiyə edib. İfaçı həmçinin keçmiş həyat yoldaşı Kevin Federlayı hər gün narkotik çəkməkdə ittiham edib.
Qeyd edək ki, daha əvvəl Kevin açıqlamasında oğullarının Britninin sosial media paylaşımlarına görə ondan utandıqlarını və danışmaq istəmədiklərini açıqlamışdı. Müğənni bununla bağlı paylaşım edərək həqiqətən də övladlarının onu görmək istəmədiklərini təsdiqləmişdi.