Şahzadə Harri "Ehtiyat" memuarının təbliği çərçivəsində psixoterapevt Qabor Meyt ilə canlı yayımda olub.
Axşam.az xəbər verir ki, həkimlə söhbətində o, keçirdiyi psixoloji travma, narkotik istifadəsini müzakirə edib və Meqan Markla evliliyinin həyatına necə təsir etməsindən danışıb.
Harri etiraf edib ki, uşaqlıqdan özünü kral ailəsinin digər üzvlərindən fərqli hiss edib:
"Sanki mən onlara aid deyildim, bilirəm ki, anam da eyni hissləri keçirirdi. Sanki bədənim orada idi, amma ağlım başqa yerdə, bəzən isə əksinə. Səmimi olmağa çalışanda ona dedilər: Özün olma, səndən gözlənilən şeyi etməlisən".
Harrinin sözlərinə görə, Meqan onun bu vəziyyətdən çıxmasına kömək edib. "Həyat yoldaşım məni xilas etdi. Mən o dünyada ilişib qalmışdım və o, tamam başqa dünyadan idi. Məni öz dünyamdan çıxarmağa kömək etdi. Meqan möhtəşəm insandır. Mənə azadlıq hissi verib, ona minnətdaram" deyə, Harri əlavə edib.
O, Meqanın ona çox şey öyrətdiyini və onu terapiyaya sövq etdiyini söyləyib. Harrinin dediyinə görə, o, terapiyaya getməyə qorxurmuş, Meqan ona təsəlli verib.
Şahzadə narkotikdən səhhətinə görə istifadə etdiyini bildirib. "Uzun müddət içimdə sıxışdırdıqlarımın qarşısını aldılar, rahatlıq və dinclik verdilər" deyə, Harri əlavə edib.