İtikin düşənlərdən biri "Titanik"də batanların qohumudur - 1 saat qalıb

İtikin düşənlərdən biri "Titanik"də batanların qohumudur - 1 saat qalıb
2788 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, turistləri "Titanik"in qəzaya uğradığı yerə aparan sualtı qayıq Atlantik okeanında itib.

Axşam.az xəbər verir ki, sualtı nəqliyyat vasitəsində olanlarla bağlı yeni təfərrüatlar ortaya çıxıb. Belə ki, “OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raşın həyat yoldaşı Vendi Raş "Titanik" batarkən həlak olan İsidor və İda Strausun nəvəsidir.

Straus 1912-ci ildə gəmi batarkən uşaqlara və qadınlara yol verərək xilasedici qayığa minməkdən imtina edib. O, həyat yoldaşını tək qoymayıb və onunla əl-ələ tutaraq batan gəmidə qalıb. "The New-York Times" qəzetinin arxiv məlumatlarına görə, gəmi qəzaya uğradıqdan təxminən iki həftə sonra İsidorun cəsədi okeanda tapılsa da, İdanın qalıqları heç vaxt aşkarlanmayıb.

Cütlük illər sonra hadisə əsasında lentə alınan film üçün ilham mənbəyi olub. Rejissor Ceyms Kemeron 1997-ci ildə lentə aldığı "Titanik" filmində onların da hekayəsini işıqlandırıb. Belə ki, gəmi batarkən kabində bir-birini qucaqlayaraq suların altında qalan cütlük məhz İsidor və İdan obrazları olub.

Cütlüyün nəvəsi Vendi 1986-cı ildə əfsanəvi "Titanik"in qəzaya uğradığı yerə ekskursiyaları təşkil edən "OceanGate" şirkətinin qurucusu Stoktonla ailə qurub.

Qeyd edək ki, hazırda Atlantik okeanının şimal hissəsində itən sualtı nəqliyyat vasitəsinin axtarışları davam edir. Qayıq iyunun 18-də, dalış başlayandan təxminən 1 saat 45 dəqiqə sonra yoxa çıxıb. Orada beş nəfər olduğu bildirilib. "OceanGate Expeditions" şirkəti gəminin yoxa çıxdığını təsdiqləyib. Sualtı qayıq turistləri "Titanik"in batdığı yerə aparırdı. Gəmidə oksigen azalarsa, ekipajın sağ qalma ehtimalı olmayacaq.

Sualtı qayıqda Stoktonla yanaşı britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq, fransız akvanavtı Pol-Anri Narjolais, pilot və bələdçi də var.

Axtarış-xilasetmə əməliyyatı hələ də davam edir. Xilasetmə işlərinə ABŞ, Kanada, Böyük Britaniya və Fransadan 10-a yaxın suüstü və sualtı gəmilər və təyyarələr cəlb olunub. Mütəxəssislərin sözlərinə görə, sualtı qayıqda qalan oksigenin bitməsinə 1 saat qalıb. Sualtı qayıq aşkarlansa belə, onun üzə çıxarılmasına 1 saatdan çox vaxt lazımdır.