ABŞ-ın Nevada ştatının Blək Rok səhrasında hər il keçirilən "Burning man" musiqi və incəsənət festivalına gələn 70 minə yaxın ziyarətçi gözlənilməz hadisə ilə üzləşiblər.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, leysan yağışlardan sonra səhradakı qum nəhəng palçıq gölməçəsinə çevrilib. Tədbirin təşkilatçıları nəqliyyat əlaqələrini dayandırmağa məcbur olublar. Hazırda səhrada yalnız fövqəladə hallar xidmətinin hərəkətinə icazə verilir. Yeni ziyarətçilər üçün festival sahəsinə giriş bağlanıb.
Tədbirə gələnlərdən bəzilərinin çadırlarını su basıb, mobil rabitə yaxşı işləmir. Palçıqdan keçmək çətindir və bir çox insanlar çirklənməmək üçün ayaqlarına polietilen torbalar keçirir və ya tamamilə çılpaq gedirlər.
Qonaqlara qida, su və yanacağa qənaət etmələri, həmçinin təhlükəsiz ərazilərdə qalmaları tövsiyə olunub. Artıq əksər fəaliyyətlər ləğv edilib. Proqramın əsas məqamının - nəhəng taxta insan fiqurunun yandırılmasının həyata keçirilməsinin mümkünlüyü sual altında qalıb.
Yayılan məlumatlara görə, festivalda artıq bir nəfər dünyasını dəyişib. Hadisənin səbəbləri və şəraiti açıqlanmır. Yerli polis araşdırmalara başlayıb.