HƏMAS qruplaşmasının İsrail ərazisinə hücumu nəticəsində Qlyukoza ləqəbilə tanınan Rusiyanın qalmaqallı müğənnisi Natalya İonova ailəsi ilə birlikdə Tel-Əvivdə bomba sığınacağında gizlənmək məcburiyyətində qalıb.
Axşam.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Kseniya Sobçak teleqram kanalında məlumat yayıb. Onun sözlərinə görə, Bruno Marsın konsertini izləmək üçün oraya gedən Natalya həyat yoldaşı Aleksandr Çistyakov, qızları Lida və Vera ilə iki gündür ki, sığınacaqdadırlar.
Müğənni sosial media hesabında daha əvvəl paylaşdığı videoda isə hoteldə olduqlarını və bütün göstərişlərə əməl etdiklərini vurğulayıb. O, uçuşlarının ləğv olunduğu üçün ölkədən çıxa bilmədiklərini deyib.
Qeyd edək ki, HƏMAS-ın hücumu nəticəsində İsraildə həlak olanların sayı 700-ü keçib, 2382 nəfər yaralanıb. Fələstin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə isə Qəzza zolağında 436 fələstinli ölüb, 2271 nəfər yaralanıb.

