“Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” ili başa çatır - Fotolar

“Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” ili başa çatır - Fotolar
324 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 10-da Şuşa şəhərində Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimi keçirilir.

Axşam.az xəbər verir ki, “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, elm və incəsənət xadimləri, yazarlar, TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri, türk əməkdaşlıq təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak edirlər.

Qeyd edək ki, bu il mayın 12-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçirilib.

Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının qərarı ilə Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.

“Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbul şəhərində keçirilən 10-cu sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir.

Bu günə qədər Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – Rusiya Federasiyası), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olub. Şuşa bu missiyanı yerinə yetirən 11-ci şəhərdir.

Tədbirdə qonaqlara Türk dünyası ölkələrindən gəlmiş musiqi və folklor konsert proqramı təqdim ediləcək.

Həmçinin 2022-ci ilin yekunlarına dair TÜRKSOY Media Mükafatının təqdimatı olacaq.

Tədbirin yekunu olaraq isə 2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürüləcək.