Bu gün ümumtəhsil məktəblərində “Son zəng” mərasimi keçiriləcək.
Axşam.az xəbər verir ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
Məlumat üçün bildirək ki, 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 min nəfərə yaxın, IX sinfi isə təxminən 158 minə yaxın şagird məzun olur.
Eyni zamanda cari tədris ilində işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrindən tam orta təhsil səviyyəsi üzrə 84 nəfər məzun olacaq.
Tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə 23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır.