Məşhur britaniyalı müğənni Robbi Uiliamsın bir neçə ildir istifadə etdiyi arıqlama iynələri onun görmə qabiliyyətini pisləşdirib.
Axşam.az-ın məlumatına görə, aktyor “The Sun”a açıqlamasında iynələrdən sonra ətrafı bulanıq gördüyünü bildirib. O, bununla insanları mümkün risklərdən xəbərdar etmək və araşdırma aparmağa təşviq etmək istədiyini deyib:
“Bu iynələri çox erkən istifadə etməyə başladım, amma gözlərimin əvvəllər olduğu kimi yaxşı görmədiyini hiss edirəm.”
Müğənni həmçinin konsertlərdə bəzi tamaşaçıları seçə bilmədiyini, yaxınlarda iştirak etdiyi futbol matçında isə oyunçuların onun gözünə “yaşıl sahədəki ləkələr” kimi göründüyünü bildirib. Bu səbəbdən o, eynək nömrəsini də dəyişməli olub.
Qeyd edək ki, sənətçi 2023-cü ildə yaşadığı sürətli kilo itkisini həmin dövrdə istifadə etdiyi inyeksiyalarla əlaqələndirmişdi. O zaman depressiya keçirdiyini və buna görə müalicə məqsədilə bu dərmanlara ehtiyac duyduğunu bildirmişdi.