Britaniyalı aktyor Idris Elba uzun illərdir davam edən söz-söhbətlərə son qoyaraq, məşhur "Agent 007 – Ceyms Bond" rolunu canlandırmayacağını bildirib.
Axşam az xəbər verir ki, aktyor bu barədə Britaniyanın "GQ" jurnalına müsahibəsində danışıb. O qeyd edib ki, heç vaxt bu rola təyin olunacağını real hesab etməyib.
“Ceyms Bond necə yazılıbsa, elə də yazılıb və bunun müəyyən səbəbləri var. Mən həmişə düşünürdüm ki, bu, real ehtimal deyil” deyə, Elba bildirib.
Bununla belə, o, öz namizədliyinin müzakirə olunmasını böyük kompliment kimi qiymətləndirdiyini vurğulayıb.
Elbanın sözlərinə görə, əsas məsələlərdən biri obrazın dünyanın müxtəlif ölkələrində necə qəbul olunmasıdır. Aktyor hesab edir ki, bütün tamaşaçılar afroamerikalı bir aktyorun Bond rolunda çıxış etməsinə hazır deyil.
Xatırladaq ki, Elbanın Bond roluna namizədliyi ilə bağlı müzakirələr Deniel Kreyqin "No Time to Die" filmindən sonra franşizanı tərk etməsindən sonra daha da intensivləşmişdi.