Londonda yerləşən Vestminster Şəhər Şurası məşhur rok qrupu "The Rolling Stones"un gitaristi Ronni Vuda evinin parlaq çəhrayı rəngə boyanmış giriş qapısını yenidən qara rəngə boyamağı tapşırıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, musiqiçinin malikanəsi Londonun Meyda-Veyl rayonunda yerləşir. Məlumata görə, Vud və ərazidə yaşayan bəzi sakinlərə qapılarının rənginin rayonun memarlıq görünüşünə və tarixi dəyərinə mənfi təsir göstərdiyi barədə rəsmi bildiriş göndərilib.
Vud bir müddət əvvəl evinin giriş qapısını parlaq çəhrayı rəngə boyasa da, darvazanı qara rəngdə saxlayıb. Yerli sakinlərin sözlərinə görə, qapının fotosu bələdiyyəyə təqdim edildikdən sonra şura onun bu rəngdə qala bilməyəcəyini bildirərək qapının qara rəngə boyanmasını tələb edib.
Musiqiçinin qonşusu, 97 yaşlı BAFTA mükafatı laureatı Angela Allen də yerli hakimiyyət orqanlarının ona evində təmir işləri aparmağı tapşırdığını və əks halda 30 min funt sterlinqədək cərimə ilə hədələdiyini bildirib.