"Bu, böhtandır, mənim adıma yaraşmır" - Çay evi məsələsi+fotolar

"Bu, böhtandır, mənim adıma yaraşmır" - Çay evi məsələsi+fotolar
4866 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elçin Hüseynov idarə etdiyi “New life” çay evində əxlaqsızlıq yuvası aşkarlanması haqda yayılan xəbərlərə aydınlıq gətirmək üçün jurnalistlərlə bir araya gəlib.

Axşam.az-ın məlumatına görə, sözügedən məkanda media nümayəndələri ilə görüşən sənətçi şayiələrin onun nüfuzuna xələl gətirdiyini bildirib:

"Atam hacı olub, ailəmiz dinə bağlıdır. Bu cür xəbərlər mənə pis təsir edir. “New life” mənim çay evim deyil, yaxın qohumlarımındır. Mən burada işdən sonra dincəlirəm, məşqlərimi edirəm, sənət dostlarımla xoş vaxt keçirirəm. Bunlar böhtandır, bu hadisə mənim adıma yaraşmır. Həmkarlarım da narahat olub, çünki bura onların da istifadə etdikləri məkandır. Bu hadisəyə hüquqi müstəvidə aydınlıq gətiriləcək".
 
Çay evinin sahibinin vəkili Ceyhun Yusifov isə açıqlamasında bildirib ki, hüquq mühafizə orqanlarında bununla əlaqədar araşdırma aparılır:

"Adıçəkilən çay evi Elçin Hüseynova məxsus deyil. Yayılan məlumatların sənətçi ilə heç bir bağlılığı yoxdur".

Yazıçı-publisist Vüqar Əhməd Elçin Hüseynova dəstək olaraq, yayılan məlumatların yalan olduğunu deyib. O bildirib ki, bu çay evində hər dəfə istirahət edir.

Jurnalistlərlə görüşə bəstəkar-müğənni Hacı Nazim, sənətçi Emil Bədəlov, Mirkamil Kamilov, Əbdül Xalid və digər tanınmışlar da gəlib. Onlar boş vaxtlarında həmin çay evində dincəldiklərini və burada heç vaxt artıq-əskik hərəkətlərlə qarşılaşmadıqlarını deyiblər.

Xatırladaq ki, ötən gün Daxili İşlər Nazirliyi sözügedən məkanda əxlaqsızlıq yuvası aşkarlanması ilə bağlı xəbər yaymışdı.

Foto: Rəşad ABBASOV