Birləşmiş Ərəb Əmirlikləri – Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri Tural Bayraməliyev Mərdəkanda yerləşən 3 saylı uşaq evinin sakinlərinə bayram sevinci yaşadıb.
Axşam.az-ın məlumatına görə, sənətçilərin qatıldığı şənlikdə fiziki və əqli problemləri olan uşaqlara bayram süfrəsi açılıb.
Qonaqlarla əyləncəli vaxt keçirən uşaqlara sonda hədiyyələr təqdim edilib.
Xeyriyyə tədbirində ifaçılar Yaşar Yusub, Mirkamil Kamilov, aparıcı Cavid Gül və başqaları yer alıblar. Məşhurlar körpələrlə növbəti görüşə hazırlaşdıqlarını bildiriblər.
Qeyd edək ki, dekabrın 30-da qurumun sədri tərəfindən sözügedən uşaq evində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə körpələr üçün geniş bayram proqramı təşkil ediləcək. Tural Bayraməliyev həmin tədbirə qatılacağını və sənətçi dostlarının uşaqların istəyi ilə onlara mahnı töhfələrini təqdim edəcəyini bildirib. Mərkəzin sədri, eyni zamanda fiziki qüsurlu uşaqlara bayram hədiyyələri təqdim edəcəyini də deyib.