“Bunları heç bir kişinin pulu ilə etmirəm” - fotolar

“Bunları heç bir kişinin pulu ilə etmirəm” -  fotolar
4125 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rəqsanə İsmayılova media əhli ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, sənətçi iddialı açıqlamaları ilə diqqət çəkib:

“Cəzaçəkmə müəssisələrinə tez-tez yollanıram. Bir dəfə də olsun, əliboş getməmişəm. Yeni il qabağı mən heç bir şou proqramlarda iştirak etmədim. Bu, artıq 3 ildir ki, belədir. Düzdür, vaxtında belə proqramlara ehtiyacım olub, 50 manata belə getmişəm. Bu, mənim üçün böyük pul olub, ən azından maşınıma benzin almışam. Azərbaycanın qadın sənətçiləri arasında yeganə insanam ki, hər gün toyum var, boş vaxtım olmur. Bizim qazancımız toydandır. Özümüzü aldatmayaq. Toy olmasa, gəlir əldə edə bilmərik. Bu dövlətdə yaşadığıma görə çox sevinirəm. Əgər bu gün bizim millətin maddi cəhətdən vəziyyəti pis olsa idi, müğənniyə 10 min dollar necə verə bilərdilər? Bir saata, yarım saata 5 minə gedən ifaçılar var”.

R.İsmayılova etdiyi xeyriyyə işlərinə görə onu qınayan həmkarlarına da cavab verib:

“Bəzi sənətkarlarımız var ki, çıxırlar efirə, sənin etdiyin yardıma bir qulp qoyurlar. Özün bunu bacarmırsan, bəs bizim gördüklərimizi niyə heç edirsən? Yaxşısı budur, sən hamını başına yığ, hərədən 100 manat al, yardıma sərf et. Bəlkə sabah səsimiz batdı, oxuya bilmədik. Allah səs verib bizə, səsimizi satıb pul qazanırıq. Bu gün ən çox qazanan da müğənnilərdir. Gördüyüm işlərlə fəxr edirəm. Kim nə deyir-desin, heç vaxt qudurmamışam, qudurmaram da. Bunları heç bir kişinin pulu ilə etmirəm, Allah şahiddir”.

Müğənni yayıma hazırlanan verilişindən də danışıb:

“Proqram “Göz önündə” adlanır. Verilişdə üstünlüyü qadınlara verəcəm, onlara kömək edəcəm. Qadınlar arasında şiddət görən, ailəsindən, yaxınlarından ayrı düşənlər var. Əsgərlərlə görüşümüz olacaq, hətta 4 əsgərimizi 5 günlük məzuniyyətə gətirmişəm. Eyni zamanda həbsxanalarda olan insanlarla görüşəcəm, həyat hekayələrini dinləyəcəm. Hər şey ilə tək-tək özüm məşğul oluram. Bütün işlər mənim istəyimlə həyata keçir. Məndən şou xarakterli bir şey istədilər. Amma razı olmadım. O tip proqramların ömrü az olur. Veriliş dekabrda yayımlanmalı idi. Amma dekorasiyanı Türkiyədən sifariş etdim, gecikdi. Ona görə də, yanvarın ortalarında start verəcəyik. Həftədə bir dəfə ATV-də yayımlanacaq. Aparıcı həm özüm, həm də qızım Aysun olacaq. Aysun işlərinə görə həmişə yanımda ola bilməyəcək, hərdən özüm tək aparıcılıq edəcəm”.

Sərvər MEHTİYEV

Foto: Rəşad ABBASOV