Tünzalə Ağayevanın "Bakı 2015" gündəliyi

Tünzalə Ağayevanın "Bakı 2015" gündəliyi
1847 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı 2015-in atıcılıq idman növü üzrə ulduz səfiri, müğənni Tünzalə Ağayeva təmsil etdiyi idman növü və Birinci Avropa Oyunları barədə fikirlərini bölüşüb.

Axşam.az buro247.az-a istinadən həmin yazını təqdim edir:

2015-ci il, 12 iyun. Bu tarix Azərbaycan üçün bundan sonra çox əhəmiyyətli hadisə ilə yadda qalacaq. İlk Avropa Oyunlarının Bakıda yazılan tarixi məhz bu gündən başladı. Mötəbər yarışla bağlı təəssüratlarım, deyəcəklərim çoxdur. Amma bəzi məqamları sözlə izah etmək çətindir. Məsələn, açılış mərasimini indiyə qədər qürur hissiylə yada salıram. Milli musiqi elementləri, Nizami Gəncəvinin əsərlərindəki obrazları, Novruz bayramının simvolları, alov və torpağın yaranışını sözlə çatdırmaq asan deyil.

Həmin an Olimpiya Stadionunda və ekran qarşısında mərasimi izləyən milyonlarla tamaşaçı unudulmaz anlar yaşadı. Səhnədə Qobustan qayalıqlarının yaranması və milli rəqslərimiz zəngin mədəniyyətimizi, tariximizi dünyaya göstərdi. Həmin anlarda bir qədər kövrəldim, göz yaşlarımı saxlamağa çalışdım. Lakin həmin göz yaşları sevinc hisslərinin təzahürü idi. Axı belə mötəbər tədbiri keçirmək hər bir ölkənin arzusudur. Bunu bacaran isə Azərbaycan oldu. Bakı 2015 ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın nitqini qeyd etməliyəm. Olduqca maraqlı çıxış zamanı Mehriban xanım yarışın yüksək səviyyədə keçirilməsində xalqımızın, dövlətimizin rolunu vurğuladı.

Artıq sona yaxınlaşan ilk Avropa Oyunları çox maraqlı anlarla həyatımıza daxil oldu. Şəhərdə idman bayramı əhval-ruhiyyəsi, turistlərin Bakımız haqda xoş sözləri Azərbaycanı növbəti dəfə dünyaya tanıtdı. Dövlətimiz tərəfindən bu yarışların yüksək səviyyədə keçirilməsi üçün bütün işlər görüldü və nəticə göz qabağındadır. Təşkilatçılıq baxımından hamı razı qaldığından, biz yalnız idmançılarımızın çıxışını düşünürdük. Onlar məni yaxşı mənada təəccübləndirdilər. Belə uğurlu nəticələri proqnozlaşdırmaq mümkün deyildi. İdmançılarımızın medal sayına görə yüksək yerlərdə qərarlaşması isə Azərbaycanın idman ölkəsi olduğunu növbəti dəfə təsdiqlədi.



Eyni vaxtda çoxlu sayda maraqlı yarışlar keçirilir. Hər birinə getmək istəyirsən, amma seçim etmədən alınmır. Güllə atıcılığı yarışlarında idmançılarımızın çıxışını maraqla izlədim. Gənc idmançımız Ruslan Lunyovla tanışlıqdan məmnun qaldım. Ruslan ilk Avropa Oyunlarının mükafatçıları sırasına düşməsə də, gələcəkdə böyük uğur qazanacağına inanıram.

Bədii gimnastika yarışlarında Azərbaycan idmançılarını dəstəkləməkdən zövq aldım. Yığmamızın lideri Marina Durundanın lentlə çıxışlarda gümüş medala layiq görülməsi məni çox sevindirdi. Voleybol haqda yazmaya bilmərəm. Qadın voleybolçularımız sözün əsl mənasında əzmkar çıxış edir. 14 finalda Hollandiya üzərində parlaq qələbəyə şahidlik etdim. Yarımfinalda Türkiyə yığmasıyla görüşdə də onlara dəstək olacayıq. Millimizdən gözəl oyun və qələbə gözləyirik.

Güləşçi, karate, taekvondoçularımızın qələbəsi xalqımızı çox sevindirdi. Amma bu son deyil. Qarşıdakı günlərdə cüdoçularımız yarışa qoşulur. Hər bir idmançımız doğma Bakıda zəfər çalmağa qadirdi və bunun üçün sona qədər mübarizəyə hazırdır. Medal sayımız artacaq. İnanıram ki, idmançılarımızın uğurları davam edəcək.





İlk Avropa Oyunları idman bayramıdır. Bu tarixi yaşadığım üçün özümü xoşbəxt hesab edirəm. Axı biz həmin seçilmiş nəslin nümayəndəsiyik. Biz ilk Avropa Oyunlarının canlı şahidi, iştirakçısı kimi tarixi anlara şahidlik edirik. Gün gələcək həmin yarış anları böyük qürurla xatırlanacaq. Hələliksə ilk Avropa Oyunlarının həyəcanını birgə yaşamaqda davam edək...