Tamaşaçıların “Lider” telekanalında yayımlanan “Səhər çağı” verilişindən tanıdıqları Aynur Hacıyeva azvision.az saytının “Miss Media” layihəsində qonaq olub.
Hacıyeva Aynur Habil qızı Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin bakalavr və magistr pilləsini bitirib:
"Həmişə incəsənətə marağım olub.Əvvəlcə ailəmiz icazə vermirdi, amma sonra gördülər ki, bu hiss məndə ölmür, anlayışla qarşıladılar. Bu sənətə gəlişim müğənniliklə başlayıb. Bir müddət müğənni kimi fəaliyyət göstərdim. Bu fəaliyyətim dövründə insanlar onlarla ünsiyyətimi, şənləndirməyimi çox bəyənirdilər. Yəni onlar məni aparıcı kimi görməyə başladılar. Sonra tədbirlərdə özümü aparıcı kimi də sınadım. 3 il bundan əvvəl “Space” telekanalının “Kim nə bacarır?” layihəsində ilk dəfə televiziya aparıcısı kimi çalışdım. 7-8 aydır ki, “Lider” telekanalında “Səhər çağı” verilişinin aparıcısaym. Həmçinin, “Oyna” rəqs müsabiqəsində aparıcılıq edirəm".
Aynur deyir ki, ünsiyyət onun üçün çox vacibdir və tez qaynayıb-qarışmağı bacaran insandır. Elə “Ailəmiz” serialında rol almağı da bu xüsusiyyətilə bağlıdır:
“Aktrisa kimi də özünü sınamaq istədim. Serialda 3 uşaq anasıyam. Həyatda da qayğıkeş insanam. Həmçinin, komediya janrını, gülməyi sevirəm deyə bu rol mənə uyğun idi. Bədbinliyi sevmirəm. İnsanları dərdləri ilə yükləyən insanları görəndə əsəbləşirəm. İnsanların səhəri mənimlə açılır. Mən onları gülər üzlə qarşılamasam, bu, heç də yaxşı olmaz. Bu, həm də mənim içimdən də gəlir. 7 ayda insanların ürəyinə yol tapa bilmişəmsə, bu, mənimçün xoşbəxtlikdir”.
Hamı onu “tatulu Aynur” kimi tanıyır:
“Qolumdakı döymə çoxlarını maraqlandırır. Qolumda olan tatunu ona görə istədim ki, hər hansı əlamətlə insanların yadında qalım. Çox istəyirdim ki, əlimdə tatu olsun. Mikrofonla da yaxşı yaraşırdı. Dedim ki, qoy insanlar məni belə tanısın – `tatulu Aynur` kimi...”
FOTOLAR: KƏMALƏ HÜSEYNOVA