“Natavan Gallery”də "Özgə Uşaq Olmur!" şüarı ilə animosərginin açılış mərasimi baş tutub.
Axşam.az-ın məlumatına görə, tədbirdə Gənclər Fondunun nümayəndəsi Vüsalə Niftəliyeva, xalq artisti Flora Kərimova, müğənni Samira Allahverdiyeva, prodüser və Addım Yaradıcı Gənclər Assosiasiyasının rəhbəri Hüseyn Cavadzadə, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə, Norveç Humanitar Cəmiyyətindən Cavid Axundov, “Od production”ın nümayəndələri iştirak edib.
Tədbir Birliyə Doğru təşkilatının rəhbəri Zərifə Quliyeva tərəfindən açıq elan edildikdən sonra qonaqlar layihə haqqında fikirlərini səsləndiriblər.
Layihənin rəhbəri Aynur Salmanova fotosessiyanın gedişatından, məqsəd və vəzifələrindən danışıb. O bildirib ki, əsas məqsəd kimsəsiz uşaqların da isti ailədə böyümək şansının olduğunu cəmiyyətin diqqətinə çatdırmaqdır.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılıb.