Türkiyə sənətçisi "Leyli və Məcnun"da - ilk dəfə

Türkiyə sənətçisi "Leyli və Məcnun"da - ilk dəfə
645 dəfə oxunub
  • A-
  • A
  • A+
Dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operası Ankara Dövlət Opera və Balet Teatrında nümayiş etdiriləcək.

Axşam.az-ın məlumatına görə, Azərbaycanın xalq artisti Mənsum İbrahimov "Report"a açıqlamasında deyib ki, mayın 14-də tamaşanın premyerası keçiriləcək.

Onun sözlərinə görə, iki aydır Ankara Dövlət Opera və Balet Teatrında "Leyli və Məcnun" operasının məşqləri gedir:
 
"Bu gün son məşqdir. Mayın 14-də ölməz əsərin premyerasını nümayiş etdirəcəyik. İlk tamaşada Leyli rolunu Ankara Opera və Balet Teatrının solisti Selva Erdener ifa edəcək".

Xalq artisti bildirib ki, "Leyli və Məcnun" operası mayın 14-dən başlayaraq üç gün müddətində türk tamaşaçılara təqdim olunacaq:

"Mayın 15-də təqdim ediləcək tamaşada Məcnun obrazını İlkin Əhmədov, Leyli obrazını gənc xanəndə Arzu Əliyeva ifa edəcəklər. Mən ilk dəfədir ki, hər iki Leyli ilə tərəf müqabili olacam. Yəni ilk dəfədir ki, Məcnun Mənsum İbrahimovun Leyliləri olacaq. Türk solistlə çalışmaq çətin, amma maraqlıdır. Selva Erdener ilk dəfə muğam operasında çıxış edir".

Tamaşanın quruluşçu rejissoru Əflatun Nemətzadə, dirijoru professor Fəxrəddin Kərimovdur. Muğam partiyalarını tarda əməkdar artist Elçin Həşimov, kamançada Elnur Əhmədov ifa edəcəklər.
Qeyd edək ki, "Leyli və Məcnun" operasının Ankarada səhnəyə qoyulmasının təşkilatçısı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Türkiyədəki səfirliyi və Ankara Dövlət Opera və Balet Teatrıdır.