Qarabağ şikəstəsi Latviya prezidentini təsirləndirib

Qarabağ şikəstəsi Latviya prezidentini təsirləndirib
1111 dəfə oxunub
  • A-
  • A
  • A+
Oktyabrın 16-da Latviyanın paytaxtı Riqada yerləşən Musiqi Akademiyasında Azərbaycan muğamı səsləndirilib.

Axşam.az xəbər verir ki, 1 saat 10 dəqiqə ərzində konsert proqramı ilə çıxış edən Azərbaycanın xalq artisti Mənsum İbrahimovu “Qarabağ” qrupunun musiqiçiləri - əməkdar artist, tarzən Elçin Həşimov, əməkdar artist, kamança ifaşısı Elnur Əhmədov, Kamran Kərimov və Coşqun Sadıqov müşaiyət ediblər. Səfər zamanı onlar Latviyanın prezidenti Andris Berzinşlə də görüşüblər. Prezident Berzinş konsertə tamaşa edənlərin arasında olub. Xalq artisti tədbir haqqında təəssüratlarını belə bölüşüb:
 
"Konsert Azərbaycanın müstəqillik gününə və İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsi şərəfinə təşkil olundu. Ölkə prezidenti, Latviya seyminin deputatları, dövlət və hökumət nümayəndələri, bir çox hörmətli qonaqlar bu konsertdə iştirak edirdilər. Biz sonluğu, təbii ki, yenə də Qarabağ şikəstəsi ilə bitirdik və məni ən çox təsirləndirən Latviya prezidentinin bu ifaya reaksiyası oldu. Konsertdən sonra görüşdə o bizə dedi ki, Qarabağ şikəstəsinin sözlərini başa düşməsəm də, bir şeyi anladım ki, bu, kosmik musiqidir. Hətta sonradan bizə xəbər verdilər ki, konsertin ertəsi gün Özbəkistan prezidenti İslam Kərimovu qəbul edən Latviya prezidenti ona muğamdan danışıb. Şəxsən mən belə qəbul edirəm ki, bu, Azərbaycan muğamına, dövlətinə, ölkənin birinci şəxsinə olan münasibətdir. Azərbaycan tərəfindən ölkəmizin Latviyadakı səfiri Elman Zeynalov da çıxış etdi. Mən, əlbəttə ki, Milli Konservatoriyanın Rektoru, Professor Siyavuş Kəriminin, Diaspora Komitəsinin adından çıxış edən İlham Məmmədovun da adlarını vurğulamalıyam. Bir daha hər birinə minnətdaram."

Qeyd edək ki, heyətin xarici ölkədəki konsertinin təşkilatçılığını “EMco” kompaniyası və "Ocaq" Azərbaycan cəmiyyəti həyata keçirib.