Martın 15-də Heydər Əliyev Mərkəzində "Silahların əfsanəsi" sərgisinin açılış mərasimi keçirilib.
Axşam.az-ın AzərTac-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, ölkənin tanınmış ictimai, mədəniyyət və incəsənət xadimləri, diplomatik missiyaların nümayəndələri iştirak ediblər.
Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin hər bir iştirakçının ürəyincə olacağını bildirib.
Avstriyanın Yoxanneum Muzeyinin direktoru Volfqanq Muxitç kolleksiyanın ABŞ, Kanada və bir sıra Avropa ölkələrində səyahətindən sonra Bakıya gəldiyini bildirib. 42 min eksponat içərisindən Bakıdakı sərgidə 100 eksponat təqdim edilir. Sərgidə nümayiş olunan eksponatlar Avropanın XVI-XVIII əsrlərinə aid tarixi silah və zirehli geyimləridir.
"Silahların əfsanəsi" sərgisinin kuratoru Johannes Ramharler eksponatların real döyüş silahları olduğunu və onların vacibliyini vurğulayıb.
İyunun 5-dək davam edəcək sərgidə ziyarətçilərə Avropanın 130 tarixi eksponatı təqdim olunacaq. Dünyanın ən böyük tarixi silah və zireh kolleksiyası - Avstriyanın əfsanəvi Qraz cəbbəxanasından nümunələr də bu eksponatlar sırasındadır.
Kolleksiya indiyə qədər Avstriya, Kanada, ABŞ, İsveçrə, İtaliya və Yaponiyada nümayiş etdirilib. San-Fransisko, Hyuston, Nyu-York və Vaşinqton kimi şəhərlərdə 1 milyondan artıq ziyarətçi bu tarixi sərgini izləmək imkanı əldə edib.