Pitbull ləqəbi ilə tanınan reper Armando Sristian Perez pərəstişkarları ilə birlikdə Londonda maraqlı rekorda imza atıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, "BST Hyde Park" festivalı çərçivəsində keçirilən konsert öncəsi 22 min 140 nəfər süni keçəl papaq taxaraq "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Pərəstişkarların əksəriyyəti Pitbullun səhnə obrazını canlandırmaq üçün ağ köynək, qara qalstuk və "aviator" tipli eynəklərdən istifadə edib.
Maraqlıdır ki, yekun sayımda yer alması üçün Pitbull özü də süni keçəl papaq taxmalı olub. Rekordun dəqiq qeydə alınması məqsədilə 400 könüllü hər bir iştirakçını yoxlayıb, dron çəkilişləri isə 42 nəfərlik komanda tərəfindən analiz edilib.
Sertifikatını qəbul edən Pitbull sevincini bu sözlərlə ifadə edib:
"Söz tapa bilmirəm. Kim düşünərdi ki, birinci nəsil kubalı kimi rekord vuracaq və tarixə düşəcəyəm?".
Qeyd edək ki, rekord ən çox keçəl insanın bir araya toplaşması ilə deyil, məhz süni keçəl papaq taxan insanların sayına görə qeydə alınıb.
Aksiyanın ideya müəllifi podkast aparıcısı və mədəniyyət icmalçısı Cek Reminqton olub. O, Pitbullun konserti elan olunduqdan sonra "TikTok" hesabında zarafat xarakterli video paylaşaraq, festivalın 65 min nəfərlik tutumundan istifadə edib Pitbull obrazına bürünən insanların sayına görə rekord vurmağı təklif edib.
Video qısa zamanda viral olub. Bundan sonra Cek Reminqton həm "Ginnesin Rekordlar Kitabı"nın nümayəndələri, həm də reperin özü ilə əlaqə saxlayıb. Pitbull isə bu təşəbbüsü dəstəkləyib.
Xatırladaq ki, pərəstişkarları 2021-ci ildən etibarən kütləvi şəkildə Pitbullun səhnə obrazını təkrarlamağa başlayıblar. Reper onları zarafatla "keçəllər" adlandırır və rəsmi saytında süni keçəl papaqlardan ibarət xüsusi dəstlər satır. London konserti öncəsi isə həmin məhsulların hamısı satılıb.
