Müğənni Haluk Leventin rəhbəri olduğu AHBAP Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan qadınlardan ikisinin sənətçi haqqında səsləndirdiyi iddialar gündəm olub.
Axşam.az xəbər verir ki, Nurdan Eriş Haluk Leventlə İsveçrədə evli olduqlarını iddia edib. Onun sözlərinə görə, uşaqları atasız böyüdüyü üçün Haluk Leventə bağlanıblar:
"2018-ci ildə şirkətimi satdım. Ondan əvvəl də Amerikadakı şirkətim vasitəsilə ona pul göndərmişdim. Məni istifadə etdi. Tez-tez mənə 'borclarım var, ödəməliyəm, sələmçilər var, mafiya məni təqib edir' deyirdi. Bir dəfə də AHBAP-a pul köçürdüm. İndi özümü çox aldadılmış hiss edirəm. İnanmaq istədim, çünki bütün Türkiyə ona güvənirdi. Düşünürdüm ki, çətin vəziyyətdə olan qadınlara kömək edir".
İstintaq çərçivəsində ifadə verən digər qadın Sevda Kurt isə Haluk Leventin onunla evlənəcəyini vəd etdiyini bildirib.
"Bir toplantıda tanış olduq. Maddi imkanımın yaxşı olduğunu anlayandan sonra hər gün mənə zəng etməyə başladı. Mənə evlənəcəyimizi, uşaq sahibi olacağımızı deyirdi. Onun evli olduğunu bilmirdim. Bunu cəmi 2-3 gün əvvəl, saxlanıldığım zaman öyrəndim. Mənə 'borclarımı ödəsək evlənəcəyik' dedi. Mən də Amerikadakı pullarımı Türkiyəyə gətirib ona dollarla verdim. Pulu aldıqdan sonra yoxa çıxırdı. Böyük çətinliklə pullarımı geri ala bildim. Mənim evlilik xəyallarım oğurlandı. Özümü zərərçəkmiş hesab edirəm" deyə, Sevda Kurt bildirib.
Qeyd edək ki, səsləndirilən fikirlər iddia xarakteri daşıyır. Haluk Levent tərəfindən bu açıqlamalarla bağlı rəsmi mövqe bildirilməyib.