"Xanımının görünüşünə lağ edib, estetik etdirən kişilər var"

"Xanımının görünüşünə lağ edib, estetik etdirən kişilər var"
231 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı İradə İsak estetik əməliyyatlarla bağlı paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, o, sosial şəbəkə hesabında "kişilər estetik xoşlamır" fikrinin reallığı əks etdirmədiyini bildirib.

İ.İsak qeyd edib ki, estetik əməliyyatlar həyata keçirən həkimlərin qəbulunda bunun tam əksinin şahidi olmaq mümkündür. O, bəzi kişilərin həyat yoldaşlarının estetik görünməsi ilə bağlı tələblər irəli sürdüyünü, lakin bunu ictimaiyyət qarşısında etiraf etmədiklərini vurğulayıb:

"Gedib, o estetik etdirən qadınlardan soruşun bunu. Və o estetik edən həkimlərin qəbullarında dayanın. Bığıburma kişilərin həkimlərdən nələr tələb etdiyini görərsiniz. Özü üçün etdirən qadınlar da az deyil. Amma sizi şok edim, bunu həyat yoldaşından tələb edən kişilər də az deyil. Ümumən, necə ola bilər bu? Yoldaşı icazə verməyən hansı qadın əməliyyat edib, xoşbəxt o ailədə yaşaya bilər? Təsəvvür edirsiniz? Bir ailədə yaşayırsa, yoldaşı icazə vermədiyi üçün saçının rəngini dəyişə bilməyənlərdən danışırıq. Amma o bəylər el arasında, çayxanada ən uca səslə bağıranlar olacaq. Hətta bunu xoşlamaqlarını belə etiraf etdirə bilməzsən.

Bir həkim tanışım danışmışdı mənə: "İradə xanım, biz həkimlərə pasiyentlərimizin sirrini yaymaq olmaz. Hətta çox heyf. Mən kişilərdən nə olaylar danışaram". Həqiqətən də, dəhlizdə nə qədər qadının yanında kişilər dayanmışdı. Elə sualım da oradan doğmuşdu: Bu bığlı, saqqalı kişilər də əməliyyata gəlib? Bəzi kişilər də var, onlar ən təhlükəliləridir. Həyat yoldaşının burnuna və ya ağzına, boyuna, fiqurasına, ayaqlarına lağ edən, camaatın içində də ələ salıb, gülən nə qədər "ər" görmüşəm. Bu qadın necə həkimə baş çəkməsin? Bu industriya qadınlara görə yox, kişilərə görə çalışmağa başlayıb, bilirsiniz də...".

İ.İsak bildirib ki, bəzi kişilər həyat yoldaşlarının görünüşündəki qüsura lağ belə edirlər:

"Dırnaq ustam var. Normal, kiçik burnu vardı, azca uc hissəsi yastı idi. O qədər əri lağ edib gülüb ki: Sən Allah, o küftə burunla necə yaşayırsan? Rəfiqələrinin yanında tez-tez sataşıb deyirmiş, bir adamın ki, burnu küftəyə oxşaya... O gün görürəm, yazıq qız gedib düzəltdirib, onsuz da kiçik burun o enli üzün içində lap düyməyə oxşayıb. Təəssüf ki, bunu mən yox, həqiqət deyir! Bəlkə xoşlamayanlar da var. Onların da sayı günü-gündən azalır. Çünki fikirlər dəyişə bilir. Vacib qüsurların korreksiyasını demirəm, məhz dəyişmə üçün edənlərdən danışıram. Yüz cür səbəbli boşanma görmüşəm. Biri də "əməliyyat etdi, istəmədim" üstündə olmayıb. Qadın həssas varlıqdır. Hətta özləri belə bunu istəsə, görsələr ki, bu, əks cins tərəfindən dildə yox, həqiqətən pis qarşılanır, əsla etməzlər. Qətiyyən! Çünki qadının ilk işi bəyənilmək, sevilməkdir. Boş söz yox, dünya 2 şeyin üstündə fırlanır. Tələb-təklif! Qalanı əfsanədir".