İyulun 29-dan avqustun 3-dək keçiriləcək XV Qəbələ Beynəlxalq Musiqi Festivalında bu il ilk yaşanacaq.
Axşam.az xəbər verir ki, festival çərçivəsində klassik musiqi ilə yanaşı estrada janrına da yer veriləcək və möhtəşəm bağlanış – qala konsertinin əsas ulduzu Xalq artisti Aygün Kazımova olacaq. Pop kraliça “GabalaFest”in böyük səhnəsində xüsusi olaraq festival üçün hazırladığı proqramla çıxış edəcək.
Gecədə ölkənin əsas ulduzu ilə yanaşı məşhur britaniyalı müğənni Fredrik Ferrier də səhnə alacaq. Konsert proqramında ifaçıların sevilən hitləri, Azərbaycan musiqisinin müasir interpretasiyaları və festivalın bağlanışına özəl sürpriz nömrələr təqdim ediləcək.
Beləliklə, XV Qəbələ Beynəlxalq Musiqi Festivalının final gecəsi klassik musiqi ilə estrada janrını eyni səhnədə bir araya gətirərək festival tarixində yaddaqalan ilkə imza atacaq. “Gabala Fest” Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə keçirilir.
