“Laçın azad olunsun, babamın ruhu dinclik tapacaq”

“Laçın azad olunsun, babamın ruhu dinclik tapacaq”
21445 dəfə oxunub
  • A-
  • A
  • A+

Memarlar İttifaqının üzvü, tanınmış memar, “RT Project Group architect&design studio”nun rəhbəri Toğrul Ruslanoğlunun Axşam.az-a müsahibəsi:

- Toğrul bəy, istərdim söhbətimizə memarlığı seçmək səbəbinizdən başlayaq.

- Bu sənəti seçməyimdə başlıca səbəbkar, düşünürəm ki, atamdır. Mən onun ixtisasını davam etdirirəm. O, bir memar kimi mənim həm həyatımda, həm də sənət seçimimdə çox mühüm rol oynayıb. Memarlıq elə bir sənətdir ki, bunu oxumaqla, nəzəriyyəsini öyrənməklə öhdəsindən gəlmək mümkün deyil. İnsanda başlıca olaraq yaradıcılıq qabiliyyəti olmalıdır. Yaradıcılıq qabiliyyəti çox insanın daxilində ola bilər. Amma ona düzgün yol göstərilməsə, o yaradıcılıq elə insanın daxilində itib-batar. Belə nümunələr çoxdur. Memarlıq elə bir sahədir ki, gərək insanın təfəkkürü geniş, xəyal dünyası zəngin olsun, nəyisə təsəvvüründə canlandıra bilsin. Bu sənəti o qədər çox sevirdim ki, ali məktəbə qəbul zamanında seçim olaraq bircə yer yazmışdım, o da memarlıq idi. Özümü başqa heç bir sahədə görmürdüm. 2003-cü ildə instituta qəbul oldum, 2007-ci ildə bitirdim. Atam mənə layihələr üzərində işləməyi, çəkməyi öyrədirdi. Tələbəlik zamanında bu biliklərimi daha da təkmilləşdirdim.

- Məşhur layihələrinizdən sadalaya bilərsinizmi?

- Ali məktəbi yeni bitirmişdim ki, 33 mərtəbəli “Trump Tower”in layihəsini işlədim. O vaxt Bakıda ən hündür mərtəbəli bina o idi. Mənim də ilk ən böyük işim idi. Ondan sonra mütəmadi böyük, önəmli işlərim oldu. Dövlət binaları, musiqi məktəbləri, şahmat məktəbləri, Xırdalan, Sumqayıt, Quba şəhərlərindəki Heydər Əliyev mərkəzləri, Sabunçu rayonundakı Gənclər Mərkəzi, Asan Xidmət binaları, yaşayış binaları və sair kimi layihələrim var:(https://www.instagram.com/rtprojectgroup/?igshid=1i6oxubkwxv5e)

- Hər kəs atasının sənətini davam etdirmir. Demək ki, memarlıqda sizi hər şeydən öncə çəkən nəsə varmış. Nə idi o?

- Ona ad vermək çətindir, daxili aləm, yaradıcılıq ruhu desək, daha düz olar. Çünki valideynlərimin dediyinə görə, hələ ta uşaq yaşlarımdan oyunlarım da məhz qurmaqla, düzəltməklə bağlı olub. Nəyisə tikib qurmağa, düzəltməyə çox həvəsim vardı. Hətta evdə nəsə dağılsa, xarab olsa, onu düzəltmək mənim işim idi. Rəhmətlik babam Hüseyn Kürdoğlu tanınmış şair olub. O belə öz şeirində bu mövzuya toxunub, məni gələcəkdə memar kimi gördüyünü qeyd edib.

- Sənətinizdə özünüz üçün seçdiyiniz ən böyük hədəfiniz nədir?

- Əslində, müxtəlif hədəflərim var. Onlardan biri işlərimi dünyaya çıxartmaq, özümü bir memar kimi dünyaya təsdiq etməkdir. Başqa ölkələrdə layihələrim var, amma hədəfim təkcə Azərbaycanda deyil, dünyada da sayılıb-seçilən memar kimi tanınmaqdır.

- Babanız Hüseyn Kürdoğlu Azərbaycanın sevilən şairlərindən biri olub. Onu necə xatırlayırsınız?

- Babam 2003-cü ildə mənim ali məktəbə qəbul imtahanımdan bir gün qabaq rəhmətə getdi. Mən o imtahana nə cür, hansı hisslərlə getdim təsvir eləmək çətindir. Əslində, elə halda idim ki, imtahana gedə bilmirdim. Amma valideynlərim mənə ürək-dirək verdilər ki, sənin memar olmağın babanın arzusudur. Mən də bu fikirlə özümü topladım və sevinirəm ki, onun arzularını yerinə yetirdim. Babam bir az Səməd Vurğuna oxşayırdı (gülür). Ağ saçları, özünəməxsus duruşu vardı. Bir şair kimi çox istedadlı idi. Hər hansı mövzudan desən, çox tez bir zamanda sinədəftər şeir deyər, yazardı. Çoxlu şeir kitabları var. Bəstəkar, xanəndə Qulu Əsgərovla dost olublar. O, babamın şeirlərinə çoxlu mahnılar bəstələyib. “Sev ki, sevən mərd olar”, “Bəyənmir məni” və sair kimi məşhur mahnıların müəllifidirlər. Onların birgə işləri olan əksər mahnıları insanlar xalq mahnısı kimi tanıyırlar. Amma təbii ki, xalq birgə mahnı yazmır, bunun müəllifləri var. Görünür, o qədər mənimsənilib ki, xalq mahnısı səviyyəsinə qalxıb.

- Ailəsi olaraq onun yoxluğunda yaradıcılığını necə davam etdirdiniz və gələcəkdə nələr etməyi düşünürsünüz?

- Onun şeir kitablarının, haqqında yazılmış kitabların çapına böyük diqqət göstəririk. İstəmirik ki, yoxluğu ilə yaradıcılığı unudulsun. Amma babamın ən böyük arzusu, xəyalı Laçının azadlığı idi. Laçının azad olunması onun ruhunun dinclik tapmasına səbəb olacaq, bilirəm. Çünki Hüseyn Kürdoğlu Laçın həsrətiylə, torpaq yanğısıyla çox şeirlər yazıb, bu vətən uğrunda canından keçmiş şəhidlərimizə əsərlər həsr edib. Düşünürəm ki, nəvə kimi onun borcundan hələ çıxa bilməmişik. Çünki baba-nənənin nəvə üçün çəkdiyi zəhmətlərin əvəzini heç nəylə qaytarmaq mümkün deyil. Bəlkə Laçının azadlığından sonra onun üçün orda hansısa işlər görsək, adını əbədiləşdirsək, müəyyən qədər borcumuzu yerinə yetirmiş olarıq.

- Hüseyn Kürdoğlunun şeirlərində yana-yana bəhs etdiyi Laçın uğrunda bu gün döyüşlər gedir. Bu günlərdə nələr hiss edirsiniz?

- İnşallah, bütün torpaqlarımız düşmən işğalından azad olunacaq. Başda Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev olmaqla, ordumuz tərəfindən bu ədalətsizliyə birdəfəlik son qoyulacaq, elindən-obasından didərgin düşmüş bütün insanlar öz yurd-yuvalarına qayıdacaqlar. Bu dəqiqə doğulduğu, aid olduğu torpağın azadlıq xəbərini eşidən insanların sevincinə şahidlik edirik. Fikirləşirəm ki, görəsən, Laçının qurtuluş xəbərini alanda nə hiss edəcəm, onu necə qarşılayacam? İnanın, hisslərimi heç təsəvvür belə edə bilmirəm. Bakıda doğulsam da, əslən Laçındanam. Biz Laçının görüntülərinə baxaraq böyüyüb, həsrətimizi bu cür dindirməyə çalışmışıq. Laçının dağları, çayları, şəlaləsi, o gözəl torpaqları bizim həsrətimizi çəkir və biz də çox tezliklə yenidən oraya qayıdacağıq.

- Qarabağla bağlı indidən hansısa layihə düşünmüsünüzmü?

- Mənim fikrimcə, Qarabağın təbiətini başqa zonaların təbiəti ilə bir tutmaq olmaz və Qarabağı turizm bölgəsinə çevirmək, dağıdılmış abidələri yenidən qurub yaratmaq biz memarların öhdəsinə düşür.İnşallah, müharibə bitəndən, torpaqlarımız azad olunandan sonra Qarabağımızda döyüşən igidlərimizin ruhunu şad etmək və qələbəmizi əbədiləşdirmək üçün xatirə abidəsi də inşa edərik. Bu, bizim borcumuzdur.

- Bildiyim qədəriylə sizin qardaşınız da hazırda döyüş bölgəsindədir və oraya könüllü yollanıb.

- Kiçik qardaşım Şaiqin 33 yaşı var. İşlərini dayandırdı və müharibəyə yola düşdü. Bizdən xəbərsiz könüllü yazılıbmış. Artıq biz öyrəndiyimiz zaman o, yola düşmək üçün hazırlaşırdı. Biz Laçını ata-babalarımızdan çox dinləmişik, onların o Laçın sevgisi, yurd həsrəti bizə də keçib. Qardaşım Şaiqdə həm də şairlik qabiliyyəti var. Babamın bu istedadı onda özünü göstərib. Biz üç qardaşıq və hər birimizdə incəsənət ruhu var. Fikrimcə, gen böyük önəm daşıyır. Böyük qardaşım da dizaynerdir.

- Qardaşınızın bu qərarını eşidərkən, onu müharibəyə yola salarkən nələr hiss elədiniz?

- Sözsüz ki, hər bir kəs öz doğması üçün narahat olur. Hər bir ata-ana üçün övladı əzizdir. Valideynlərim bildirməməyə çalışsalar da, nə hisslər keçirdiyini duyuruq. Özlərinin narahatlıqlarını ürəklərində yaşadılar, indi də yaşayırlar. Sözsüz ki, vətən uğrunda verilmiş bu qərara heç birimiz qarşı çıxmadıq və biz onunla qürur duyduq, valideynlərim də daxil olmaqla, hamımızın keçirdiyimiz fəxr, qürur hissi bütün qorxudan, təlaşdan daha üstündür. Qardaşımın bütün dostları, tanışları da demək olar ki, hər gün maraqlanırlar, məlumat alırlar. Mən və böyük qardaşım da günü bu gün vətən üçün döyüşməyə və ordumuza dəstək olmağa hazırıq. Dövlətimiz tərəfindən çağırılacağımız günü gözləyirik. İnşallah, bütün əsgərlərimiz tezliklə sağ-salamat və qələbə müjdəsiylə geri dönsünlər. Qarabağ bizimdir!

Şahanə Müşfiq

Foto: Ramin Aslanov