Müğənni Lətifə Soyuözdən yeni xəbər var.
Axşam.az-ın məlumatına görə, hər zaman rok, opera stilində bəstələr səsləndirən sənətçi bu dəfə 6/8 ritmində mahnı oxuyacaq. İfa tərzində yenilik etməyə hazırlaşan L.Soyuöz bu tərzinin də bəyəniləcəyini iddia edib:
“İlk dəfə ifamda 6/8 ritmində mahnılar olacaq. Bu özüm və sevənlərim üçün bir yenilikdir. Bəlkə də rok ifamı bəyənənlər bu janra görə məni qınayacaqlar. Onlara əvvəlcədən demək istəyirəm ki, mənə güvənsinlər. Bilirəm ki, rok tərzini sevən gənclər çoxdur. İnanıram ki, yeni ifa tərzimlə də onların zövqünü oxşaya biləcəm. Bütün işlərimə xüsusi zövqlə yanaşmışam. Hər zaman məqsədim keyfiyyətli iş ərsəyə gətirmək olub. Bu dəfə də eyni qayda ilə çalışıram. 6/8 mənim böyük layihəmdir. Burada Yaşar Baxış, Renat Ramazanov, Anar Hüseynov kimi istedadlı, işini bilən insanlarla çalışacam. Birlikdə gözəl təqdimat edəcəyimizə inanıram. Layihəyə üç bəstə daxildir. Burada xalq və bəstəkar mahnıları var. Bunun üçün fərqli fotosessiyamız da olacaq. Maksi sinql hazırlanacaq. Təqdimat isə fərqli məkanda baş tutacaq”.
Modelyer Renat Ramazanov L.Soyuöz üçün hazırladığı libasdan bəhs edib:
“Təqdimat üçün fərqli libas hazırlanır. 6/8 layihəsinə uyğun milli geyim nəzərdə tutulub. Amma fərqli, sintez olunmuş formada. Çünki Lətifənin səsləndirəcəyi mahnılar da sintez olunub. Libas bütünlüklə ifanı əks etdirəcək. Bu, dövlət səviyyəsində bir işdir”.
Rejissor Anar Hüseynov isə təqdimatda müğənninin şou göstərəcəyini deyib:
“Burada hər şey kontrastlardan ibarətdir: rəqs-geyim-ifa.Yanaşma tamamilə fərqlidir. Azərbaycanda belə bir iş ərsəyə gətirən hələ ki, olmayıb. Lətifə dövlət ansamblı ilə birlikdə rəqs də hazırlayır. Təqdimatda 20 dəqiqəlik şou göstərəcək”.