"Aşkı-memnu" serialında oynadığı Firdevs obrazı ilə məşhurlaşıb, "Möhtəşəm yüz il"in Validə Sultanı kimi sevilən türk aktrisası Nebahat Çehrənin qardaşı tapılıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, N.Çehrənin qardaşı olduğunu iddia edən Həsən Çehrə İstanbul küçələrində su satmaqla məşğuldur. Jurnalist İzzət Çapaya bacısından danışan Həsən, Samsunda yeddi uşaqlı ailədə doğulduqlarını, Nebahatın altı yaşı olanda anası ilə birlikdə İstanbula köçdüyünü, o vaxtdan görüşmədiklərini bildirib.
İki qız atası olan H.Çehrə uzun illər bacısı ilə əlaqə yaratmağa çalışsa da, istədiyinə nail ola bilməyib. Nəhayət, onun nömrəsini tapıb zəng edəndə isə aktrisa "Bu nömrəni hardan tapdın? Səninlə görüşmək istəmirəm" deyərək qardaşı ilə sərt danışıb.
O vaxtdan bacısı ilə görüşmək cəhdlərinə son qoyan Həsən "onun şöhrəti məni maraqlandırmır, heç pul da istəmirəm. Çox şükür, ailəmi dolandıra bilirəm. Sadəcə nə qədər ki sağam, heç olmasa, bircə dəfə bacımı görmək, onu qucaqlamaq istəyirəm. Həttə istəmirsə, evinə də gəlmərik. Balaca bir daxmamız, toyuq-cücəmiz var. Buyursun, bizə yeməyə gəlsin" deyir.