Yaşar Nurinin 70 illik yubileyi keçirildi - Fotolar

Yaşar Nurinin 70 illik yubileyi keçirildi - Fotolar
1190 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq artisti Yaşar Nurinin (1951–2012) 70 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.

Axşam.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, teatr və kino ictimaiyyətinin nümayəndələri, sənətkarın ailə üzvləri iştirak ediblər.

Yubiley gecəsində çıxış edən Anar Kərimov Yaşar Nurinin həyat və sənət yoluna nəzər salıb, onu Azərbaycan mədəniyyətinin böyük sənətkarı kimi xarakterizə edib:

“Özünəməxsus səhnə mədəniyyəti və davranışı, improvizə qabiliyyəti, yaradıcılıq istedadı, obrazlara məxsusi yanaşma tərzi onu həmkarlarından fərqləndirirdi. Onun film və tamaşalarda yaratdığı obrazların dili ilə dediyi sözlər az qala hər birimizin dilində gündəlik işlədilən və tez-tez rast gəldiyimiz ifadələrə çevrilib. Yaşar Nurinin yaratdığı obrazlar hər bir tamaşaçı tərəfindən daima seviləcək və xatırlanacaq. Bu, sənətkarın xoşbəxtliyidir. Böyük teatr və kino aktyoru, gözəl insan Yaşar Nuri hər zaman böyük hörmət və ehtiramla anılacaq”.

Teatrşünas, professor İlham Rəhimli deyib ki, Azərbaycanın teatr və kino sənətində nadir sənətkarlarından biri də Yaşar Nuri idi.

Xalq artisti Vaqif Mustafayev bildirib ki, Yaşar Nuri canlandırdığı obrazları daxilən dərindən hiss etdiyindən, onu bütün varlığı ilə yaşadığından çəkilişlər bitəndən sonra da həmin obrazdan uzun müddət çıxa bilmirdi. Xarici qastrol səfərlərində də Yaşar öz istedadı ilə tamaşaçıların üzündə təbəssüm yaradırdı.

Xalq artisti Ramiz Həsənoğlu və başqa çıxış edənlər də sənətkarın yaradıcılıq keyfiyyətlərindən danışıb, xatirələrini bölüşüblər. Bildirilib ki, sevilən sənətkarın səhnədə “Övlad”da Silva, “Bağlardan gələn səs”də Pərviz, “Ölülər”də Məşədi Oruc, “Od gəlini”ndə Altunbay, “Bizim qəribə taleyimiz”də Davud, “Bəşərin komediyası və yaxud Don Juan”da Sqanarel, “Dəli yığıncağı”nda Sərsəm Salman və s. rolları ona geniş tamaşaçı rəğbəti qazandırıb.

Xalq artisti Brilliant Dadaşova, Əməkdar artistlər Teymur Əmrah və Aybəniz Haşımova, sənətkarın qızı Ülkər Nuriyevanın ifasında musiqi nömrələri yubiley gecəsinə rəng qatıb.

Gecədə həmçinin Yaşar Nurinin rol aldığı səhnə əsərləri, film və televiziya tamaşalarından fraqmentlər tamaşaçıların könlünü oxşayıb.