Səttar Bəhlulzadə adına qalereyada Türkiyədə yaşayan həmyerlimiz, rəssam Emil Əzizin "Səmanın rəngləri" adlı ilk fərdi rəsm sərgisi keçirilib.
Axşam.az-ın məlumatına görə, bir çox xarici sərgilərdə iştirak edən Emil Bakıda “Payız işıqları”, “Ənlik”, “Geri bax”, “Təlxəklər pərdə arxasında”, “Venera zamanı”, “Gənc balerina”, “Rəqs qoxusu”, “Bakı Moda Həftəsi”, “Neft çölləri”, “SSRİ abidələri”, “Sovetski”, “İstanbulun gücü”, “Sükut”, “Kiçik qırıntılar”, “Düyü tarlaları”, “Gölməçə”, “Balıq ziyafətindən sonra” kimi əsərlərini nümayiş etdirib.
"ARTS COUNCİL AZERBAİJAN"ın dəstəyi ilə baş tutan fərdi sərgidə rəssamın, müasir cizgilərlə milliliyin vəhdətini göstərən əsərləri, eləcə də müasir Azərbaycan qadınının obrazının düzgün təqdimatı izləyicilər tərəfindən maraqla qarşılanıb. Sərgidə rəssam Rafiq Əziz, UNESCO-nun Rəssamlar Birliyinin üzvü Sakit Məmmədov, New-York ştatının senatoru David Storobin, rəssam Salxab Məmmədov iştirak edib.
Qeyd edək ki, Emil Əzizin əsərləri mayın 7-dən 9-dək Bakıda keçiriləcək «Qız qalası» V Beynəlxalq İncəsənət Festivalında da sərgilənəcək. Festivalda 20-dən artıq ölkənin rəssamlarının iştirakı gözlənilir.