Müğənni Roza Zərgərli media əhlini başına yığaraq həm Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan klipini təqdim edib, həm də türk rok qrupu "Pankart"la bağlı layihələrindən danışıb.
Axşam.az-ın məlumatına görə, "Ulu öndər" adlı klip 3D formatında çəkilib. Ekran işinin ideya müəllifi, rejissoru sənətçi özüdür. Mahnının musiqisi Roza Zərgərliyə, sözləri isə Sənan Raquboğluna məxsusdur.
Müğənninin sözlərinə görə, klipdə Heydər Əliyevin 50 ədəd foto şəklindən istifadə edilib və ekran işi iki aya ərsəyə gəlib.
Roza Zərgərli onu da qeyd edib ki, Ulu öndərə ithaf olunmuş 3D formatında film çəkmək də planlaşdırılıb.
Təqdimatın ikinci hissəsində sənətçi hazırda Bakıda olan türk rok qrupunu dəvət edərək, birlikdə işlədikləri layihələrindən söz açıb. Rozanın "Atəş" layihəsini bəyənib ondan sonra müğənni ilə işləmək istəyən "Pankart" "Sənə əlvida" mahnısını "Oyuncaq" adı altında, yeni layihə şəklində ərsəyə gətiriblər. Həmin mahnıya klip Şəki şəhərində, rejissor Elşən Babayev tərəfindən çəkiləcək.
Aynur KƏRİMLİ
Foto: Rəşad ABBASOV