Aygün Kazımovanın dünya ulduzlarını geridə qoyan tələbləri

Aygün Kazımovanın dünya ulduzlarını geridə qoyan tələbləri
19926 dəfə oxunub
  • A-
  • A
  • A+

"Çoxlu təbriklər alıram, xoşdur. Bu formatda bir ilkdir. Mənə ən xoş olan məqam odur ki, anlayırlar söhbət nədən gedir. Deyirlər, əladır, afərin, səsləndirmə fərqlidir. Başqa bir dünyaya düşürsən, alətləri ayrıca hiss edirsən. Əsl nirvanadır".

Bu sözləri Axşam.az-a açıqlamasında Xalq artisti Aygün Kazımova deyib. Müğənni bir neçə gün əvvəl işıq üzü görən "Я в Нирване" albomu ilə bağlı təəssüratlarını bölüşüb. Son illər ard-arda yeni mahnılar, kliplər təqdim edən Kazımova sosial şəbəkə hesablarından da söz açıb:

"İnsan işlədiqcə, daha da çalışmaq istəyir. Sevənlərimdən aldığım o sevgidolu mesajlara görə yaşadığım hisslər... Onu vurğulayım ki, instaqramı özüm işlədirəm, bütün mesajları və şərhləri oxuyuram, hamısına da özüm cavab verirəm. Amma yalnız instaqramda, hərdən də "Youtube"da reaksiya verirəm, amma arada (gülür). Tamaşaçının, dinləyicinin reaksiyası məni daha da həvəsləndirir.

 

Demirəm ki, bütün layihələrim qəbul olunur, bu, normal olmazdı. Amma baxıram, hansı 90-80 faizdir, hansı aşağı. Ondan dərs çıxarıb, digər layihələrimi hazırlayıram".

Müğənni böyük bir şouya hazırlaşdığını açıqlayıb:

"Məndən olsa hər gün konsert verərəm. Gözəl bir şou düşünürəm. Özü də bunu yeni yox, "Crystall hall"dakı konsertimin səhəri fikirləşmişəm. Bu aralar verdiyim silsilə konsertləri demirəm. Onlar kiçik çıxışlardır.

Bilirsiniz ki, mənim işim özümlədir. Öz rekordumu ancaq özüm təzələyə bilirəm. İnsanın ən böyük uğuru öz üzərində olan uğurudur. İndi mən Aygünü bir az da geridə buraxmalıyam. Bir konsert vermək böyük əməkdir. Tək mənim yox, böyük komandanın zəhmətidir. Hələ çox hazırlaşmalıyıq".

"Son vaxtlar sizin getdiyiniz tədbir, toy və konsertlərdə böyük rayder tələb etdiyinizi eşitmişik. Bunlar nələrdir?" sualına Aygün Kazımova belə cavab verib:

"Madonna kimi qızıldan vanna otağı istəmirəm. Ən önəmli kamfortdu. Hər tərəfdə su olmalıdır. Hara baxıram su görməliyəm. Sağlam qidam mütləq olmalıdır. Bunlar səhnəarxası rayderdir. Səhnə rayderim isə bitmir. Hər şeyi əvvəldən görməliyəm. Səhnə işıqları möhtəşəm qurulmalıdır. Səhnənin önündə sərinkeşlər olmalıdır. Hamısı son nəticə üçün istənilir. Canlı ansamblla gedirəm. Mənim üçün toya getmək hər gün mini konsert verməkdir. Əvvəl mən toylarda çox görünmürdüm. Çünki mənim formatımda deyildi. Yadınıza salın toylar əvvəl hansı məkanlarda keçirilirdi? Deyirdim ki, səhnə qurulsun, işıqlar olsun, bu da maddi baxımdan gəlib çıxırdı kəllə-çarxa. İndi toy səhnələri dəyişib, çıxış etdiklərim böyükdür, istədiyim qurula bilir. Mən toyda konsert səhnəsi qururam. Bir də mütləq canlı ifa etməliyəm, fonoqram yoxdur".

Zəhra Əhmədova