Avropa Yayım Birliyi Rusiyanın 2022-ci ildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində iştirak edə bilməyəcəyini açıqlayıb.
Axşam.az xəbər verir ki, bu barədə yarışmanın rəsmi saytında məlumat verilib. Bildirilib ki, Rusiyanın orada iştirakı müsabiqənin reputasiyasına xələl gətirəcək:
“Rusiya bu il heç bir nömrə ilə “Avroviziya” Mahnı Müsabiqəsində iştirak etməyəcək. AYB-nin İcraiyyə Şurası bu gün səhər saatlarında “Avroviziya” mahnı müsabiqəsinin rəhbər orqanının tövsiyəsi əsasında tədbirin qaydaları və yayım dəyərlərinə uyğun olaraq qərar qəbul edib”.
Qeyd edək ki, “Avroviziya-2022” bu il İtaliyanın Turin şəhərində keçiriləcək. Ukraynanı müsabiqədə “Kalush Orchestra” kollektivi “Stefania” mahnısı ilə təmsil edəcək. Rusiyanın təmsilçisi isə bəlli deyildi.